Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi və Qazaxıstan Strateji Araşdırmalar İnstitutu əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi və Qazaxıstan Strateji Araşdırmalar İnstitutu əməkdaşlıq memorandumu imzalayıbQazaxıstanın paytaxtı Nur-Sultan şəhərində xarici elmi və ekspert əlaqələrini genişləndirmək, xarici analitik strukturlarla praktiki qarşılıqlı münasibətləri möhkəmləndirmək məqsədilə Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu ilə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Qazaxıstan Prezidenti yanında Strateji Araşdirmalar İnstitutunun direktoru Zarema Şaukenova və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev imzalayıblar.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Azərbaycan XİN-nin təhlil və strateji araşdırmalar departamentinin rəhbəri Hüseyn Hüseynov iştirak ediblər.

Uzunmüddətli əlaqələrin qurulmasına yönəlmiş memorandum elmi ekspert potensialının gücləndirilməsini, tədqiqat təcrübəsi mübadiləsini, birgə analitik layihələrin həyata keçirilməsi yolu ilə qarşılıqlı fəaliyyətin formalarının təkmilləşdirilməsini və inkişaf etdirilməsini, müntəzəm ekspert görüşləri, seminarlar, dəyirmi masalar və beynəlxalq əlaqələrdə əsas tendensiyalara həsr edilən elmi tədbirlərin keçirilməsini nəzərdə tutur.