Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İndoneziyada poçt markası çap edilib

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İndoneziyada poçt markası çap edilibRespublikamızın İndoneziyadakı səfirliyinin “İndoneziya Poçt” Dövlət Şirkəti ilə əməkdaşlığı nəticəsində bu ölkədə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə poçt markaları çap edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, cari ilin mayında minlərlə poçt markası İndoneziyanın müxtəlif şəhərlərində dövriyyəyə buraxılacaq. Bu münasibətlə Cakartadakı filatelistlərlə görüş keçirilib. Filatelistlər Azərbaycana aid poçt markalarına İndoneziyada böyük marağın olduğunu vurğulayıblar.

Sonra “İndoneziya Poçt” Dövlət Şirkətinin Cakarta Mərkəzi ofisinin rəhbəri Onni Hadiono ilə görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlıq və multikulturalizm ənənələri, müasir inkişafı, iqtisadiyyatı, xarici siyasəti, ölkədə həyata keçirilən sosial islahatlar və əldə olunmuş nailiyyətlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun Azərbaycan tarixindəki müstəsna rolu haqqında ətraflı məlumat verilib.

Poçt markalarının rəsmi təqdimatı “Kempinski Hotel Jakarta” mehmanxanasında 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilmiş rəsmi qəbul zamanı baş tutub. Təqdimatda “İndoneziya Poçt” Dövlət Şirkətinin baş direktoru Qilarsi Vahyu Seticono da iştirak edib.

Bu barədə məlumat “İndoneziya Poçt”un rəsmi internet səhifəsində də yerləşdirilib.