Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək

Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcəkTürkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) sosial, mədəni və humanitar məsələlər komissiyasının Ankarada keçirilən 7-ci iclası çox səmərəli oldu. “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri, TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyinə (qanunvericilikdə perspektivlər)” dair fəal müzakirələr aparıldı.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova bildirib.

Milli Məclisin deputatı deyib: “Ailə və qadın məsələlərinə dair ənənələrin qorunması və inkişafı, eləcə də gender məsələləri müasir dünyanın ən aktual mövzularındandır. TÜRKPA-ya üzv ölkələr bu mövzular ətrafında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlıdırlar. Türksoylu xalqlar həmişə ailəyə müqəddəs varlıq kimi baxıblar. Cəmiyyətlərimizdə qadına böyük ehtiramla yanaşılır. Qadının hüquqlarının tarixinin öyrənilməsi, qorunması, o cümlədən qadınların yüksək təhsil alması, dövlət işlərində irəli çəkilməsi və s. məsələlər TÜRKPA-ya üzv ölkələr üçün prioritetdir”.

Deputat əminliklə bildirib ki, Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının birgə təşkilatçılığı ilə cari il iyulun 14-də Bakıda keçiriləcək “BMT-nin davamlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin konfransı müasir dünyanın qadın problemlərinə yeni və obyektiv bir baxış sərgiləyəcək. Bu tədbirdə dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə olunacaq.