Azərbaycan Nigeriyada keçirilən xeyriyyə aksiyasında təmsil olunub

Azərbaycan Nigeriyada keçirilən xeyriyyə aksiyasında təmsil olunubNigeriyanın Laqos şəhərində “Kiçik dünya” adlı xeyriyyə aksiyası keçirilib.

Beynəlxalq Qadınlar Təşkilatı tərəfindən reallaşdırılan tədbirdə Laqos şəhərində yaşayan 36 ölkənin nümayəndələri öz xalqlarının tarixini, mədəniyyətini, mətbəxini və musiqisini nümayiş etdiriblər.

Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan azərbaycanlı, Azərbaycanın Dostları Təşkilatının prezidenti Billurə Bernard təmsil edib.

B.Bernard AZƏRTAC-a bildirib ki, festivalda qonaqlara Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava təqdim olunub. Nigeriya mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barədə geniş məlumat verilib.

Azərbaycanın Dostları Təşkilatının prezidenti bildirib ki, mərasimə müxtəlif ölkələrin səfirləri, Laqosda fəaliyyət göstərən məşhur şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Aksiyanın açılış və bağlanış mərasimlərində Azərbaycanı milli geyim və bayrağımızla Fransa vətəndaşı Antuan Bernard təmsil edib.

Billurə Bernardın sözlərinə görə, festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif dövlətlərin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqiləri, mədəniyyətləri və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir. Aksiyadan əldə olunan vəsaiti Nigeriyadakı məktəb, xəstəxana, uşaq və qocalar evlərinə yönəltmək nəzərdə tutulur.