Bakıda insan alveri ilə mübarizə sahəsində diplomatik nümayəndəliklərin rolu mövzusunda seminar keçirilir

Bakıda insan alveri ilə mübarizə sahəsində diplomatik nümayəndəliklərin rolu mövzusunda seminar keçirilirMayın 31-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən insan alveri ilə mübarizə sahəsində diplomatik missiyaların rolu mövzusunda seminar keçirir.

AZƏRTAC xəbər verir ki, tədbir Avropa İttifaqı və BMqT İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən Azərbaycanda İnsan alveri ilə mübarizədə milli potensialın gücləndirilməsi (ENCT) layihəsi çərçivəsində təşkil olunub.

Seminarda diplomatik nümayəndəliklərin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, eləcə də Moldova, Gürcüstan, Türkiyə və Ukraynanın Bakıdakı səfirlikləri, beynəlxalq təşkilatların və Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının təmsilçiləri yerli və beynəlxalq miqyasda insan alveri ilə mübarizədə təcrübə, yanaşma və bacarıqların mübadiləsi imkanı əldə ediblər.

Seminarın açılış mərasimində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Cankauskas insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən Azərbaycan Hökumətinin səylərini, tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndiriblər.

Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsinin rəisi Faiq Bağırov Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərdən danışıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov çıxışında insan alveri ilə mübarizədə Azərbaycan Hökumətinin, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlərə toxunaraq, insan alveri ilə mübarizə üzrə son statistik məlumatları təqdim edib.

Seminarda müzakirə olunan mövzular arasında insan alverinə dair məlumatların mübadiləsi üzrə müvafiq dövlət orqanları arasında koordinasiyada çətinliklər və ən yaxşı təcrübələr, insan alveri haqqında diplomatik nümayəndəliklərdə məlumatlılığın artırılması, səfirliklər tərəfindən təyinat ölkəsində insan alveri qurbanlarına ilk kömək göstərilməsi və insan alverinə qarşı mübarizə sahəsində konsulluqların yardımı və dəstəyi yer alıb.

Seminarda, həmçinin məlumat mübadiləsi və ciddi ehtiyac içində olan miqrantlara köməyin göstərilməsi, diplomatik missiyaların öz təcrübələri, dövlətlər arasında komanda işinin vacibliyi, insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması, qurbanların qorunması, cinayətkarların təqibi və bu sahədə tərəfdaşlığın təmin olunması üçün görülmüş səmərəli tədbirlər müzakirə olunur.

Qeyd edək ki, ENCT layihəsinin məqsədi insan alverinə qarşı mübarizədə və insan alveri qurbanlarını qorumaq üçün Azərbaycan Hökumətinin imkanlarını gücləndirməkdir.