“Yol Polisinin Gənc Köməkçisi” dəstəsi Belarusda keçirilən müsabiqənin qalibi olub

“Yol Polisinin Gənc Köməkçisi” dəstəsi Belarusda keçirilən müsabiqənin qalibi olubBelarusun Bobruysk şəhərində gənc yol hərəkəti inspektorlarının 47-ci toplantısı keçirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri olan 245 saylı tam orta məktəbin şagirdləri - Səma Balıyeva, Milana Əliyeva, Nigar Məlikova, Ayan Həmidova, Nurlan Məlikzadə, Zeynal Nəzirli, Anar Həsənli və Fərhad Ağazadə təmsil ediblər. Tədbirdə dəstəni 245 saylı tam orta məktəbin müəllimi Məlahət Ağayeva və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İsa Deystani müşayət ediblər.

Belarus Respublikasının regionlarından, eləcə də MDB ölkələrindən tədbirə qatılan gənc yol hərəkəti inspektorları müxtəlif intellektual, bədii və idman müsabiqələrində rəqs və teatral bacarıqlarını nümayiş etdirib, izləyicilərə yol hərəkəti təhlükəsizliyinə dair tamaşalar göstəriblər. Növbəti mərhələdə yol hərəkəti qaydalarına aid bilik müsabiqəsinə və viktorinalara qatılan tədbir iştirakçıları sonda yol hərəkəti təhlükəsizliyinə dair məlumatların mənimsənilməsinə həsr olunmuş oyunlarda iştirak ediblər.

Təmsilçilərimiz toplantının bütün mərhələlərində yüksək fəallıq, bilik və bacarıq nümayiş etdirərək münsiflər heyətinin səs çoxluğu ilə müsabiqənin qalibi diplomuna layiq görülüb, medal və kubokla mükafatlandırılıblar.

Eyni zamanda, toplantının bağlanış mərasimində müsabiqə və viktorinalarda fəal iştirak edərək qalib gəlmiş bir neçə həmvətənimizə diplom və hədiyyələr təqdim olunub. Habelə bütün dəstə üzvlərinə dövlətlərarası toplantıda iştiraklarını təsdiqləyən şəhadətnamələr təqdim edilib.

Bu, “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin beynəlxalq toplantılarda qazandığı üçüncü uğurdur.