Dünyada bütün əməkçilərə ödənilən məvacibin təqribən yarısı ən yüksək maaşlı 10 faiz işçinin payına düşür

Dünyada bütün əməkçilərə ödənilən məvacibin təqribən yarısı ən yüksək maaşlı 10 faiz işçinin payına düşürƏn aşağı maaş müqabilində işləyən 650 milyon insan bütün əməkçilərin ümumi sayının 20 faizini təşkil edir. Onların məcmu əməkhaqqı isə dünya üzrə ödənilən əməkhaqqının 1 faizindən də azdır. Eyni zamanda dünyada bütün əməkçilərə ödənilən məvacibin təqribən yarısı ən yüksək maaşlı 10 faiz işçinin payına düşür.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni məruzəsində əks olunub.

Məruzə müəllifləri qeyd edirlər ki, işləyən insanların gəlirlərində qlobal səviyyədə qeyri-bərabərlik 2004-cü ildən bəri bir qədər azalıb. Lakin milli səviyyədə, xüsusən, iqtisadi cəhətdən inkişaf etməkdə olan Çin və Hindistan kimi böyük ölkələrdə bu fərq daha da artmaqdadır.

Bütün dünyada əməkçi insanların əksəriyyəti çox aşağı məvacib alır. Onların çoxu dilənçi vəziyyətindən çıxa bilmir. Ümumiyyətlə əməkçilərin 50 faizinin məcmu əməkhaqqı dünya üzrə ödənilən bütün əməkhaqqının cəmi 6,4 faizini təşkil edir.

Dünyada işçilərin yarısının orta əməkhaqqı ayda cəmi 198 dollara bərabərdir. Ən yoxsul əməkçilərin 10 faizi ən varlı əməkçilərin 10 faizinin hazırda bir ildə aldığı qədər qazanmaq üçün üç əsrdən çox işləməlidir.

BƏT-in yeni məruzəsindən irəli gələn əsas nəticələrdən biri ondan ibarətdir ki, yüksək məvacibli işçilərin gəlirlərinin artması orta və aşağı əməkhaqqı alan işçilərin gəlirlərinin azalması ilə müşayiət olunur.