"Onlar öz verilişlərində bizi sifarişlə təhqir edirdilər" - Tahir İmanov

"Onlar öz verilişlərində bizi sifarişlə təhqir edirdilər" - Tahir İmanov
“Prezidentlə görüşümüzdən əvvəl bizə bir neçə dəfə “İctimai” TV-nin rəhbəri Balaş Qasımov zəng edib və konsertlərimizi efirə verməyi təklif edib. Sadəcə, son dörd ildə məmurların bizə təzyiqini nəzərə alaraq, mən ona dedim ki, lazım deyil. İstəmədim ki, bizim üzləşdiyimiz çətin anlarla o da üzləşsin. Çünki o vaxtlar Balaş Qasımov “İctimai” TV-yə yenicə rəhbər təyin olunmuşdu. Telekanalın işləri onun başından aşırdı. Həmin problemlərlə yanaşı, bizim də problemlərimizi çəkməyini özümüz istəmədik”.
Bunu aktyor Tahir İmanov deyib. O bildirib ki, növbəti addım ARB telekanalından olub:
“Telekanal rəhbərliyi ilə görüşüm əsnasında məlum oldu ki, sən demə, bu illər ərzində ARB-də bizə qadağa olmayıb. Uzun sözün qısası, layihələrimizi hazırda bu iki telekanal göstərir. ATV-dən isə “Beşinci Element” verilişində çəkilmək təklif olunmuşdu. Soruşdum ki, orada nədən danışacağıq? Dedilər ki, sizin fəaliyyətinizdən. Mən də dedim ki, mənim fəaliyyətim sizin telekanalda işıqlandırılmırsa, nədən danışa bilərik ki?
Məsələn, istənilən müğənninin fəaliyyətindən ATV-də bəhs edilir. Amma “Planet Parni iz Baku”nun konsertindən heç bir parça da göstərilmir. Belə başa düşdüm ki, ATV bunu hesabat üçün etmək istəyir ki, biz onlara efir verdik. Halbuki bizim davamız odur ki, bütün konsertlərimiz, filmlərimiz efir üzü görsün. “Xəzər” TV, ümumiyyətlə, bizə yaxın gəlmir. Ölkə başçısı ilə dialoqumuza, demək olar ki, geniş yer ayırmadılar. “Lider” TV-də isə bizə əvvəldən qadağa var.
“Space” TV də öz ampluasında qalır. Mən heç o telekanala qayıtmaq da istəmirəm. Çünki bu telekanal əvvəlcə “Planet Parni iz Baku”ya öz borcunu ödəməlidir. 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullardan bizə gəlib çatmayıb. O vaxt bizə “Bir kəndin sevinci” serialını çəkdirdilər, amma pulumuzu vermədilər. Dedilər ki, pulumuz yoxdur. Bu telekanal indiyədək bizə həmin pulu borcludur. Özü də bu borc devalvasiyadan əvvəlki kursladır. Təxminən 70 min.Bizə ilk qadağanı da məhz “Space” telekanalı qoyub. O vaxt telekanalın rəhbəri Vaqif Mustafayev öz mövqeyini açıq-aydın bildirsəydi, başqalarının fikri ilə oturub-durmasaydı, heç bu gün belə xırda problem də işıq üzü görməzdi”.
T.İmanov qeyd edib ki, həm ATV, həm də “Xəzər” telekanalları prezidentlə görüşdən əvvəl onları təhqir edirdi:
“Sən demə, biz səviyyəsizik, tamaşalarımızın duzu yoxdur. Bu, onların mövqeyidir. Amma cənab prezidentin mövqeyini gördünüz. Tamamilə ayrı-ayrı mövqelərdir. Onlar öz verilişlərində bizi sifarişlə təhqir edirdilər. Bu dörd ildə bizim çəkdiklərimizi Allah heç kimə göstərməsin. Hamı başımıza KVN-çi çıxmışdı. Deyirdilər, bunu belə etməlisiniz, müasir yumor aktyorları ilə ayaqlaşmalısınız. Onlara başa sala bilmirdim ki, biz zirvədəyik, ordan aşağı düşüb kiminləsə ayaqlaşmalı deyilik…”. (Oxu.az)