Təhsil Nazirliyindən məcburi köçkün məktəbləri ilə bağlı AĞLASIĞMAZ QƏRAR: bundan sonra...

Təhsil Nazirliyindən məcburi köçkün məktəbləri ilə bağlı AĞLASIĞMAZ QƏRAR: bundan sonra...
Artıq məcburi köçkün məktəbləri ancaq məcburi köçkün rayonlarından olan uşaqları məktəbə qəbul edəcək. Əgər həmin məktəblərin 3-5 kilometrliyində yerləşdikləri şəhərin məktəbi varsa, məcburi köçkün statusu olmayan uşaqları qəbul edə bilməyəcəklər. Təhsil Nazirliyindən bu qrupa aid olan məcburi köçkün məktəblərinə tapşırıq da verilib. Bu vaxta qədər 10-11-ci siniflərdə təhsil alan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna məhdudiyyət qoyulmuşdu. Buna səbəb isə həmin sinif şagirdlərinin repetitor yanına getmək üçün təhsildən yayınması idi. Bu məhdudiyyət qəbul olunandır.
Lakin bütün siniflər üzrə başqa rayonlardan olan şagirdlərin məcburi köçkün məktəblərinə qəbul edilməsinə məhdudiyyət qoyulması başa düşülən deyil. Çünki bu ilk növbədə birbaşa həmin şagirdlərin hüquqlarının tapdalanmasıdır.
Ölkədəki təhsil siyasətinin əsasını təşkil edən, eləcə də Təhsil Nazirliyinin hər bir maddəsinə qeydsiz-şərtsiz əməl etməli olduğu Təhsil Haqqında qanunun 5.1-ci bəndində deyilir ki, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
Elə həmin qanunun 32.3.2-ci maddəsində deyilir ki, təhsilalanın təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək hüququ var.
Yəni, digər rayonlardan olan uşaqların məcburi köçkün məktəblərinə qəbul edilməsinə qadağa qoyula bilməz. Axı nə üçün valideyn övladının evinin 500 metrliyindəki məcburi köçkün məktəbində yox, övladını 5 km məsafədəki Bakı məktəbində təhsil almasını seçmək məcburiyyətində qalmalıdır. Təbii ki, bu seçimi etmək onun hüququdur. Lakin heç kim ona bu məhdudiyyəti qoya bilməz. Üstəlik, məhz məcburi köçkün məktəbi olduğuna görə. Bu gün ailələrin əksəriyyətində hər iki valideynin işlədiyini nəzərə alsaq, məktəbin evə yaxın olması, uşaqların təkbaşına evə gəlməsi problemini də aradan qaldırmış olur.
Bundan başqa, bu qadağanı qəbul edərkən əksər paytaxt məktəblərində şagird sıxlığını nəzərə alınmalı idi. Məsələn, Bakı şəhərinə aid olan məktəbdə birinci sinifdə 30- 40 şagird qəbul olursa,valideynin övladını daha az şagirdi olan məcburi köçkün məktəbində oxumasını seçməsinə hansı əsasla məhdudiyyət qoyula bilər?
Qeyd etməliyik ki, məcburi köçkün rayonlarından olan uşaqların Bakı Şəhər məktəblərinə qəbuluna qadağa yoxdur.
Təhsil eksperti Etibar Əliyev Publika.az-a açıqlamasında bildirib ki, ancaq təhsildən yayınma hallarının qarşısını almaq üçün yuxarı sinif şagirdlərinin məcburi köçkün məktəblərinə qəbul edilməsi normal qadağadır. Lakin ekspert bildirib ki, digər siniflər üzrə qəbula məhdudiyyətin qoyulması onun hüququnun pozulmasıdır:
Təhsil Nazirliyindən məcburi köçkün məktəbləri ilə bağlı AĞLASIĞMAZ QƏRAR: bundan sonra...
“Hər bir valideynin övladının istədiyi müəssisədə təhsil almasına imkan yaradılmalıdır. Burada məcburi köçkün və ya digər məktəb deyə ayrıseçkilik etmək doğru deyil. Bu cür qadağa qoyulmamalıdır, çünki bu, ayrıseçkilikdir. Övladının yaşadığı ünvandan uzaq bir məsafədə yerləşən məcburi köçkün məktəbində təhsil almasını istəyən valideynin məqsəd güdməsi bəllidir. Onu da qeyd edim ki, məcburi köçkün məktəblərində şagird sıxlığı azdır. Çünki məcburi köçkünlər bütün regionlarda məskunlaşıblar, şagird kontingenti bərabər paylanmır. Bu valideynin hüququ var ki, sıxlıq və digər səbəbləri nəzərə alaraq övladının məhz məcburi köçkün məktəbində təhsil almasını seçsin. Bakıdan uzaqlaşdıqca məktəblərdə sıxlıq azalır. Bir sinifdə 40-50 şagirdə dərs keçmək çox çətindir. Məsələn, Bakıda 160 nömrəli məktəbin qarşısındakı yolda hər gün saatlarla sıxlıq olur. Buna səbəb valideynlərin məhz həmin məktəbi seçməsidir. Onu da qeyd edim ki, həmin məktəbdə təhsilin keyfiyyəti elə də yüksək deyil. Hətta Dövlət İmtahan Mərkəzinin qəbul imtahan nəticələrinə görə bəzi rayon məktəblərinin göstəricisi 160 nömrəli məktəbdən daha yaxşıdır. Sadəcə bu məktəb haqqında mif yaranıb.Bundan başqa, ibtidai təhsil pilləsi üçün valideynlər müəllim axtarışına çıxmamalıdır. Bu təhsil pilləsində bütün məktəblərdə şagirdlərə vahid standartlar əsasında dərs keçilir”.
Ekspert onu da vurğulayıb ki, bu cür əmrlər imzalanıb məktəblərə göndərilməmişdən əvvəl müzakirəyə çıxarılmalıdır:
“Bu qərarlar uşaqların taleyini həll edir. Ona görə də müəyyən təcrübələr öyrənilməlidir, real şərait nəzərə alınmalıdır. Bu məsələnin mənəvi və psixoloji tərəfi çox böyük önəm kəsb edir”.
Təhsil Nazirliyindən isə Publika.az-ın sorğusuna verilən cavabda məcburi köçkün məktəblərinə qarşı məhdudiyyət bu cür izah edilib:
“Məcburi köçkün məktəblərinə digər rayonlardan olan uşaqların qəbul edilməməsi ilə bağlı məhdudiyyətin (bütün siniflər üzrə) səbəbi ətrafda digər məktəblərin olmasıdır”.
Təbii ki, ətraf ərazilərdə digər məktəblər birdən-birə mövcud olmayıb. Başqa sözlə, həmin ərazilərdə məcburi köçkün məktəblərinin fəaliyyətinə razılıq verilərkən ərazidə digər məktəblərin olduğu bəlli idi.//publika.az