Cəlil Xəlilov: Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir

Cəlil Xəlilov: Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidirPrezident İlham Əliyev “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” şüarını müntəzəm olaraq gördüyü işlərlə gerçəkləşdirir. Dövlətimizin başçısı hər bir vətəndaşın, Vətən və xalq qarşısında xidmətləri olan şəxslərin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial məsələlərinin həllini hər zaman prioritet vəzifə hesab edir. Dövlətimizin başçısının “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanı bu istiqamətdə növbəti mühüm addımdır.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların sosial müdafiəsinin etibarlı təmin edilməsi üçün şərait yaradıb. Hərbi sahədə həyata keçirilən islahatlar, müasir hərbi infrastruktur, eləcə də hərbi kadr potensialının yüksəldilməsi sahəsində görülən işlər göz önündədir.

Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması, xüsusən veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməsi bu fəaliyyətin bariz və qürur doğuran nəticəsidir.

Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb ki, Prezident İlham Əliyev bununla Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verdiyini bir daha sübut etdi. Bu Fərman Ali Baş Komandanın Azərbaycanın veteranlarımıza və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır. Prezident İlham Əliyev bu Fərmanla bir daha təsdiq etdi ki, Azərbaycan vətəndaşlarının qayğı və problemləri dövlətin daim nəzarətindədir. Dövlətimizin başçısının bu məqsədlə həyata keçirdiyi ardıcıl sosial siyasət gələcəkdə daha da gücləndiriləcək.