Salyanda vətəndaşın sığorta kartını oğurlayaraq hesabından pul çıxaran şəxs yaxalanıb

Salyanda vətəndaşın sığorta kartını oğurlayaraq hesabından pul çıxaran şəxs yaxalanıbSalyan Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Əzimov ötən il iyulun 16-da hesabında 2164 manat olan sosial sığorta kartını Bakı şəhəri ərazisində itirdiyini və həmin məbləğin hesabından çıxarılaraq oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və həmin məbləğin Salyan rayonundakı bankomatların birindən çıxarıldığı müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.