OANA-nın prezidenti Qəzzada Anadolu Agentliyinin ofis binasına raket hücumunu pisləyib

OANA-nın prezidenti Qəzzada Anadolu Agentliyinin ofis binasına raket hücumunu pisləyibAsiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) prezidenti İsrail ordusunun Qəzzada Anadolu Agentliyinin ofis binasına raket hücumunu pisləyib.

AZƏRTAC xəbər verir ki, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının prezidenti Aslan Aslanov OANA-nın üzvü olan Anadolu Agentliyinin İdarə heyətinin sədri və baş direktoru Şenol Kazancıya ünvanladığı məktubunda media təmsilçilərinə, söz və məlumat azadlığına qarşı hər hansı bir hücumun yolverilməz olduğunu bildirib, hadisədən təəssüfləndiyini ifadə edib. OANA-nın prezidenti qeyd edib ki, kütləvi informasiya vasitələrinin, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına göstərilən cəhdlər söz və fikir azadlığına təhdiddir, beynəlxalq hüququn normalarına ziddir.

Xatırladaq ki, İsrail ordusu Qəzzadan atılan raketlərə cavab olaraq bölgədə hava hücumları həyata keçirib. Hava hücumu nəticəsində Anadolu Agentliyinin buradakı ofisinə 5 raket atılıb və ofis binası tamamilə dağılıb.