Şəmkirdə narkotik maddələrin satışı və kultivasiya yolu yetişdirilməsi ilə məşğul olan şəxslər saxlanılıblar

Şəmkirdə narkotik maddələrin satışı və kultivasiya yolu yetişdirilməsi ilə məşğul olan şəxslər saxlanılıblarPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan V.Mədətovdan heroin götürülüb. Polis əməkdaşları tərəfindən onun həmyerlisi Ə.Hüseynovla birgə kultivasiya yolu ilə 3 çətənə kolu yetişdirməsi müəyyən edilib. Görülmüş tədbirlərlə Ə.Hüseynov da saxlanılıb.

Həmçinin V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 153 çətənə kolu aşkarlanaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində Sabirabad şəhər sakini, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş X.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 105 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.