Neftçalada külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Neftçalada külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə “F-1” markalı qumbara və 10 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkarlayıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.