Gədəbəydə aptekdən oğurluq edən iki qardaş tutulub

Gədəbəydə aptekdən oğurluq edən iki qardaş tutulubGədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları qısa müddətdə müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində saxlanılıblar.

Onlardan iki maska, alışqan tapança, iki əlcək, kəsici alət və iki bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.