Lənkəran məktəblilərinə narkomaniyanın fəsadlarına dair məlumat verilib

Lənkəran məktəblilərinə narkomaniyanın fəsadlarına dair məlumat verilibLənkəran Şəhər-Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdəki 8 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” mövzularında görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbənin rəisi, polis polkovniki İslam Hümbətov tədbirdə çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu gün DİN-in və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər. Şöbə rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, narkomaniya əleyhinə aparılan tədbirlərin aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, eyni zamanda, bu istiqamətdə mühüm addımların atıldığını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin erkən nikaha daxilolma məsələsinə də toxunulub. Belə mənfi hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.