Respublika Olimpiya Mərkəzində estafet qaçışı üzrə yarış keçirilib

Respublika Olimpiya Mərkəzində estafet qaçışı üzrə yarış keçirilib28 May – Respublika Günü münasibətilə Respublika Olimpiya Mərkəzində daxili işlər orqanlarının əməkdaşları arasında estafet qaçışı üzrə yarış keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 28 May - Respublika Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib.

Sonra yarışa start verilib. Turnirə qatılmış 10 komandanı təmsil edən 60 idmançı bacarığını nümayiş etdirib. Min metr məsafəyə estafet qaçışında DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları finişə hamıdan tez çataraq turnirin qalibi olublar. Daxili Qoşunların Baş İdarəsinin hərbçiləri ikinci, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə komanda hesabında üçüncü yeri tutublar.

Yarışı baş hakim, DİN-in İdman Cəmiyyətinin idman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırovun rəhbərliyi ilə polis polkovnik leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Munir Orucov, Mahir Əhmədov və polis mayoru Əlişan Tuncdan ibarət hakimlər briqadası idarə edib.

Qalib komandalar kubok, medallar və qiymətli hədiyyələrlə təltif olunub.