Gürcüstanın Baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

Gürcüstanın Baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edibGürcüstanın Baş naziri Mamuka Baxtadze bu ölkədə yaşayan və İslam dininə sitayiş edən insanlar üçün iftar süfrəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, iftar süfrəsində dövlət rəsmiləri, deputatlar, Azərbaycan, Türkiyə İran, İraq, Qətər, Türkmənistan səfirləri, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hökumət başçısı Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edib. Ramazan ayının özünün şəfqət, sevgi, yardımsevərliyi ilə seçilən bir ay olduğunu qeyd edib. Bildirib ki, tarixən Gürcüstanda xristianlar, müsəlmanlar və digər dinlərə mənsub vətəndaşlar birgə qarşılıqlı sayğı və hörmətlə, sülh şəraitində mehriban yaşayıblar. Bu gün bu ənənə davam edir və Gürcüstan dövləti bu tarixi adət-ənənəni yaşadacaq.

Baş nazir deyib: “Bizim hamımız bu ölkənin vətəndaşıyıq və ölkəmizin inkişafı naminə əlimizdən gələni əsirgəməməliyik. Müasir əsrimizin fərqli tələb və çağırışlarına baxmayaraq, Gürcüstan dövləti fərqli millətlərin dini və milli ənənələrini yaşatmağa davam edəcəkdir”.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstanda yaşayan müsəlmanların son illərdəki dini vəziyyəti ilə bağlı məlumat verib. Dövlətin müsəlmanlara və digər ənənəvi dinlərə diqqət və dəstəyindən danışıb.

Sonra Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək İslam dininə göstərilən diqqətə görə hökumət başçısına təşəkkür ediblər.

Sonra din xadimləri ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əmin-amanlıq arzulayıblar.