Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir

Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidirÜmummilli lider Heydər Əliyev öz müdrikliyi, uzaqgörənliyi, cəsarəti ilə hər bir Azərbaycan vətəndaşının qəlbində əbədiyaşarlıq qazanıb.

AZƏRTAC xəbər verir ki, bu fikri Mərkəzi Klinikanın invaziv kardioloqu Oqtay Musayev söyləyib. O deyib: “Hər bir xalqın tarixində onun taleyində əhəmiyyətli rol oynayan əlamətdar günlər var. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun da bizim üçün xüsusi tarixdir. Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir. Belə ki, Ulu Öndər məhz 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Xalqına, millətinə olan sevgisini hər şeydən üstün tutan Heydər Əliyev daim onun rifahı naminə çalışıb, ömrünün hər anını Azərbaycanın çiçəklənməsinə həsr edib. Uzaqgörən lider əraziləri işğal təhlükəsi ilə üzləşən, iqtisadiyyatı, daxili və xarici siyasəti iflasa uğrayan ölkəmizi böhrandan çıxararaq qısa zaman kəsiyində nəinki regionun liderinə, hətta beynəlxalq aləmin etibarlı üzvünə çevirib. Məhz onun zəngin dövlətçilik təcrübəsi, dərin zəkası sayəsində Azərbaycan sürətlə inkişaf etməyə başlayıb”.

Müsahibimiz qeyd edib ki, Mərkəzi Klinika respublikamızın müstəqilliyinin ilk illərində bir müddət Səhiyyə Nazirliyinin Reabilitasiya şöbəsinin 1 saylı xəstəxanası kimi fəaliyyət göstərdikdən sonra Heydər Əliyevin təşəbbüsü ilə xəstəxananın binası qısa müddətdə beynəlxalq standartlara uyğun rekonstruksiya edilib və 2001-ci il aprelin 24-dən etibarən Türkiyə Cümhuriyyətinin “AHSEL Holdinq” Şirkətinə 10 il müddətinə idarəetməyə verilib. Həmin dövrdən də Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlayıb. Xəstəxana müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyanın tanınmış siyasi xadimlərindən biri, ulu öndər Heydər Əliyevin xalqımıza töhfəsi hesab edilməlidir.

Oqtay Musayev bildirib ki, dövlət müstəqilliyimizin ilk illəri ilə müqayisədə səhiyyə sahəsində vəziyyət müsbət istiqamətə doğru dəyişib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyənin bütün sahələri ilə yanaşı, kardiologiya sahəsində də mühüm nailiyyətlərin əldə olunmasının əsası qoyulub. Görkəmli dövlət xadiminin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Hazırda Azərbaycanda kardioloji mütəxəssislər formalaşıb, ən ağır, mürəkkəb əməliyyatlar həyata keçirilir. Bu gün hətta respublikanın regionlarında da ürək əməliyyatları uğurla icra olunur.