Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb

sosial sebeke

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıbPrezident İlham Əliyevin sosial islahatlar paketi ölkədə əməkhaqqı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasında geniş əhali kateqoriyalarını əhatə edən yeni addımların atılması ilə nəticələnir.

Dövlət başçısının iyunun 18-də “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da bu sahədə növbəti mühüm addım olmaqla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Sənəddə həmin təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının bu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.

Sərəncamda Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının bu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılır. Həmçinin Nazirlər Kabinetinə tapşırılır ki, qeyd edilən rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin.

Dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin həyata keçirilməsinə imkan verir.

SON XƏBƏRLƏR