AMEA əməkdaşlarından ibarət musiqi ansamblı yaradılır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının AHİ) Məclisinin növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq rəhbərlik etdiyi qurumun 2019-cu ildə gördüyü işlərdən danışıb. Bildirib ki, ötən dövr ərzində akademiya əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçirilib, mütəmadi ərzaq yarmarkaları təşkil olunub, teatrlara, istirahət düşərgələri və sanatoriyalara göndərişlər verilib, aztəminatlı ailələrə ərzaq paylanılıb. Habelə 20 Yanvar faciəsi və Xocalı soyqırımına, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə və s. həsr olunan silsilə tədbirlər keçirilib.

Habil Qurbanov cari ildə əməkdaşların asudə vaxtlarını səmərəli keçirmələri üçün “Akademiya şəhərciyi”nin həyətində AHİ-nin maliyyə dəstəyi ilə hazırlanan voleybol və basketbol meydançasının istifadəyə verildiyini söyləyib. O, bu idman növlərinin 2020-ci ildə AMEA-nın ilk təşkilatları arasında keçiriləcək III Spartakiadaya salınmasının nəzərdə tutulduğunu vurğulayıb.

AHİ-nin sədri, həmçinin AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığını bildirib.