Əmlakını sığorta etdirməyənlərin cərimələnməsi üçün hüquqi mexanizm varmı?

Yanvarın ayının 1-dən etibarən əmlakını icbari sığorta etdirməyən vətəndaşlara cərimə tətbiq olunacağı açıqlanmışdı. Bir çoxları isə bildirirdi ki, cərimələrin tətbiq olunması üçün hüquqi baza mövcud deyil.

İctimaixeber.com xəbər verir ki, sığorta eksperti İlkin İbrahimov məsələ ilə bağlı bildirib ki, əslində, cərimələrin tətbiqi üçün hüquqi baza hələ 2011-ci ildən mövcuddur. Sadəcə olaraq bəzi kiçik çatışmazlıqlar hazırda cərimələrin tətbiqinə imkan vermir.


Ancaq ekspertin sözlərinə görə, cərimələri tətbiq edəcək qurumlar bəllidir. Vətəndaşlara və sahibkarlara tətbiq ediləcək cərimələrin məbləği isə fərqli olacaq.


Önəmli məqamlardan biri isə budur ki, indiyədək bəzi ticarət mərkəzlərində sahibkarlar əmlaklarını könüllü sığorta etdirmək istəyərkən risk böyük olduğu üçün sığorta şirkətləri bundan imtina edirdi. Ancaq indi daşınmaz əmlakın sığortası icbari olduğundan bu kimi hallar da aradan qalxacaq və sahibkarlar obyektlərini sığortalaya biləcəklər.


Qeyd edək ki, hazırda daşınmaz əmlakın icbari sığortasını bunun üçün lisenziya almış 12 şirkət icra edə bilər. Vətəndaşlar və sahibkarlar bu şirkətlərin saytlarına daxil olmaqla əmlaklarını elektron olaraq da sığorta etdirə bilərlər.