Avtovağzalda oxu məntəqələri yaradıldı

Bakı Beynəlxalq Avtovağzal Kompleksində istifadəçilər üçün oxu məntəqələri yaradılıb.

İctimaixeber.com xəbər verir ki, ozu məntəqələrinin təşkil olunması “Libraff” Mağazalar Şəbəkəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Avtovağzalın iki gözləmə zalında kitabxana tipli məntəqələr yerləşdirilib.

Bu məntəqələrin ərsəyə gətirilməsində məqsəd insanların kitaba, mütaliəyə olan marağını artırmaq, bu istiqamətdə təşviqat və təbliğatı gücləndirmək, həmçinin sərnişinlərin öz nəqliyyat vasitələrini gözləyərkən vaxtlarını səmərəli keçirmələrini təşkil etməkdir. Bu məntəqələrdə latın və kiril qrafikası əsasında Azərbaycan və dünya ədəbiyyatından olan müxtəlif məzmunlu kitablar toplanılıb. Hər yaşda olan sərnişinlər sırf onları maraqlandıran məzmunlarda əsərləri rahatlıqla oxumaq imkanı qazanacaqlar. Oxu zallarında balacalar üçün də səmərəli şərait yaradılıb və rəflərdə onların yaş həddinə uyğun kitablar yer alıb.

“LİBRAFF” Mağazalar Şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu il ərzində bu tipli sosial layihələrin davamlı xarakter alacağını vurğulayıb.