“Sağlamlıq imkanları məhdud uşaqların sosial ödənişləri 3,4 dəfə artıb” - Nazir

 “Sağlamlıq imkanları məhdud uşaqların sosial ödənişləri 3,4 dəfə artıb” - Nazir

Onlara qulluq edən şəxslər üçün təqaüd təsis edilib, məbləği də artırılıb

Son 4 ildə autizmli uşaqlar da daxil olmaqla sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial ödənişlərdə 3,4 dəfə artım edilib, onlara qulluq edən şəxslər üçün təqaüd təsis edilib, məbləği də artırılıb.

Aznews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub: “Ötən il Qəbələdə yeni Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib, bu il Şəmkirdə də belə bir mərkəz açılmaqla, həmin mərkəzlərin sayı 4-ə çatacaq. Növbəti illərdə digər rayonlarda uşaq reabilitasiya mərkəzləri, Xəzər dənizi sahilində sanator-kurort tipli bərpa mərkəzləri açılacaq”.

Sahil Babayev sağlamlıq imkanları məhdud, o cümlədən autizmli uşaqlarla bağlı reabilitasiya yönümlü sosial xidmət layihələrin bu il daha da genişlənərək 150-dən çox olacağını, sosial və reabilitasiya xidmətlərinin autizm, daun sindromlu və digər xüsusi inkişaf özəllikləri olan insanları da əhatə etdiyini bildirib: “Bu il sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyaya cəlb olunması üçün daha 2 mərkəz açılacaq”.