Biz oranı yenidən quracağıq, hər şey öz əlimizdədir - Zabux sakini

Biz oranı yenidən quracağıq, hər şey öz əlimizdədir - Zabux sakini

Məcburi köçkünlük dövrümüz başlayanda 42 yaşım var idi. Evimizi tərk etməli olanda, elə düşündük ki, biz tez qayıdacağıq. Açarla qapını bağlayıb çıxmışdıq.

Bunu ictimaixeber.com-a açıqlamasında Laçın rayonunun Zabux kəndindən olan keçmiş məcburi köçkün Əşrəfov Telman Əbdüləli oğlu deyib.

"Otuz il üç aydan sonra doğma torpağımıza qayıdırıq. Televiziyadan məlumat verildi ki, artıq Laçın şəhəri ilə bərabər, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bizi çox sevindirir. Deyim ki, avqustun 22-24 tarixində mən Zabuxda oldum və oradakı mənzərəni öz gözlərimlə gördüm. Ermənilər bizim tikdiyimiz binalarda məktəb və müxtəlif təyinatlı idarələr yerləşdirmişdilər, sonra isə bizim tikdiyimiz tikililəri sökdülər, yandırıb dağıtdılar.

Mən hər şeylə barışıram, amma bizə öz torpağımız lazımdır. Allah Prezidentimiz İlham Əliyevin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ordumuzu daha da qüvvətləndirsin", - deyə o əlavə edib.

Zabux sakininin sözlərinə görə, geri qaytarılan torpaq ən böyük nemətdir: "Biz orada yaşayıb, tikib quracağıq. Hər şey öz əlimizdədir. Keçmişdə necə idisə, yenə də elə olacaq, hər şey ovaxtkından da yaxşı olacaq. Bitkiçilik, bostançılıq, heyvandarlıq və digər sahələrin hamısını bərpa edəcəyik. Biz əziyyətdən qorxmuruq".

Məqalədə:
Laçın