Ölkədə sürətlə yayılan virus dalğası - Peyvəndlər vurulacaq

Ölkədə sürətlə yayılan virus dalğası - Peyvəndlər vurulacaq

Son zamanlar Azərbaycanda əhali arasında yüksək temperatur, öskürək, güclü əzələ ağrıları ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyin influenza(qrip) yoxsa koronavirusun yeni ştammı olması ilə müzakirələr davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son ay dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada yoluxma üzrə artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir. Hazırda ABŞ-da COVID-19-a yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVID-19-a yoluxma aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb.

Son həftə ərzində ABŞ-da COVID-19-a görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Bununla yanaşı, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.

Hazırda ölkədə əhali arasında yayılan influenza yoxsa COVID-19-un yeni ştammıdır?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev Trend-in suallarını cavablandırarkən qeyd edib ki, payız mövsümündə respirator infeksiyaların sayı artır.

"Bu respirator infeksiyalara səbəb olan viruslar da müxtəlifdir. Bunlar arasında daha çox influenza, adinovirus, koronavirus mövcuddur. Sözügedən virusların bir sıra əlamatləri bənzərdir. Bu əlamətlər əzələ ağrısı, öskürək, yüksək hərarətdir. Virusları ayırd etmək üçün mütləq burundan yaxma götürülməlidir. Hal-hazırda əhali arasında yayılan virusun dəqiq diaqnozu qoymaq üçün isə yoluxan şəxs test verməlidir. Bu koronavirusun dünyada yayılan yeni mutasiyası "Eris"də ola bilər, digər viruslar da", - deyə V.Əliyev qeyd edib.

Qeyd edək ki, ümumilikdə 51 ölkədə yayılan COVID 19-un yeni variantı "Eris" artıq qonşu ölkələrdə aşkar edilib. Səhiyyə Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycanda koronavirusun "Eris" variantının olması barədə rəsmi məlumat yoxdur.

Virusa yoluxan şəxslərin müalicə üsullarından bəhs edən mütəxəssis-ekspert ev şəraitində müalicənin mümkün olduğunu bildirib.

"Əlamətlər bənzər olduğuna görə ev şəraitində müalicə almaq, hərarət zamanı müvafiq dərmanlardan istifadə, bol maye qəbul etmək mümkündür. Yoluxmanın qarşısını almaq üçün isə virusa yoluxan şəxs izolyasiya olunmalı, gərək olduqda maskadan istifadə etməlidir", - deyə o, vurğulayıb.

İnfeksionistin sözlərinə görə, hazırda vaksinasiya viruslardan qorunmaq üçün effektiv üsuldur.

"Vaksinasiyanın viruslardan qorunmaqda əhəmiyyəti çoxdur. Hər il oktyabr ayında mövsümi qripə qarşı vaksinasiya olur. Xüsusilə uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstələr qripə qarşı vaksin olunmalıdır", - deyə o, əlavə edib.

Bəs, bu il ölkəyə yenidən qrip əleyhinə vaksin gətirilib?

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.

"Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə qeyd edilib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.

Məqalədə: