Məktəblərin distant tədrisə keçməsi qızılcanın qarşısını ala bilər? - AÇIQLAMA

Məktəblərin distant tədrisə keçməsi qızılcanın qarşısını ala bilər? - AÇIQLAMA

Son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Hazırda virus əsasən uşaqlar, şagirdlər və tələbələr arasında yayılır. Belə ki, ötən aylarda Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən tədris müvəqqəti dayandırıldı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bakıda isə şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant təhsilə keçib.

Bəs, məktəblərin distant tədrisə keçməsi qızılcanın sürətlə yayılmasının qarşısını ala bilər?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-in suallarını cavablandırarkən bildirib ki, hazırda mövsümi xəstəliklərin, virusların yayıldığını nəzərə alsaq, tədris prosesində məsafəyə ehtiyac var.

"Təkcə bizim təhsil sistemində 1,6 milyon şagird var. Hər hansı bir yoluxma faktı digər insanlar arasında sürətlə yayılmaya yol aça bilər.

Burada, həmçinin, iki amil də var: Birincisi orta ümumtəhsil məktəblərində tibbi xidmətlərin göstərilməsindəki problemlər, ikincisi isə məktəbə gedən şagirdlərin hər hansı formada müayinəyə cəlb edilməməsidir. Bu amillər yoluxma sayına təsir göstərir. Qızılcaya yoluxma halları müşahidə edilən məktəblərdə dərslər mütləq şəkildə ən azı 14 gün onlayn formada olmalıdır. Dərs prosesinin ənənəvi formada təşkilinə icazə vermək olmaz, çünki bu təhlükəlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda bütün məktəblərin distant təhsilə keçməsi düşünülmür.

“Böyük qapanmalar olacağı ehtimal edilmir. Ola bilər ki, yenə də ayrı-ayrı məktəblərdə və ya siniflərdə o hallar olsun. Hələlik bilirsiniz ki, bir məktəbdə belə hal olub. Hazırda riskli hallar müşahidə olunmur”, - deyə nazir qeyd edib.