Şimal bölgəsinin füsunkarlığı.- FOTO

sosial sebeke

Şimal bölgəsinin füsunkar təbiəti ilin bütün fəsillərində insanı məftun edir.
Azərbaycan Respublikasının ərazisi fiziki-coğrafi baxımdan beş vilayətə bölünür. Bunlardan biri də Böyük Qafqaz fiziki-coğrafi vilayətidir.
Ölkəmizin digər regionlarında olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar və emal sahələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Hər kəs bura səfər edərkən Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olur, yəhudilərin sıx məskunlaşdıqları Qırmızı qəsəbənin, xalçaçılıq emalatxanasının, Cümə məscidinin, Tağlı körpüsünün, Xınalıq yolundakı şəlalənin və qolf meydançasının gözəlliyinə valeh olur.
Meşələrlə örtülü dağların və dərələrin qoynunda yerləşən, şəlaləli çayları, diş donduran buz kimi soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkandır. Ölkəmizin şimal-şərqində, Şahdağın ətəklərində qərar tutmuş bu rayon, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın ən gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Yayda sərin meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir. Qusar Dövlət Təbiət Yasaqlığında və təbii meşələrində enliyarpaqlı vələs, palıd, qayın, qovaq, qarağac, fıstıq ağacları üstünlük təşkil edir. Çay yataqlarındakı meşələrdə əzgil, zoğal, alça, sumax, yemişan kimi yabanı meyvələr, itburnu, yabanı üzüm, böyürtkən və digər təbii dərman bitkiləri yetişir. Qusar rayonu özünün zəngin faunası ilə də fəxr edə bilər. Canavar, ayı, tülkü, qaban, dağ keçisi, dovşan və s. kimi heyvanlar, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək və digər müxtəlif növ quşlar bu əsrarəngiz məkanın bəzəyidir. Bu yerlərdə dərələrdən axan şəlalələr turistlərin nəzərini həmişə cəlb etmişdir. Şahnabat, Ləzə, Qurqur çaylarının üzərindəki şəlalələrə baxmaqdan, su şırıltısının səsini dinləməkdən doymaq olmur. Qış mövsümündə isə bu şəlalələr donur və buzlu dağlara dırmanmağı xoşlayan alpinistlərin yarış yerinə çevrilir. Azərbaycanın ən gözəl guşələrindən olan Qusar rayonunun turizm potensialı çox zəngindir. Qusar-Qazanbulaq istiqamətində olan marşrutda turistlər üçün maraq doğuran obyektlərdən biri də Urva kəndi yaxınlığındakı 7 hektarlıq ərazidə yerləşən “Əlistan baba” fıstıq meşəsidir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Qusar rayonunda da xalqımızın qədim mədəniyyətinin və həyat tərzinin izlərini görmək olar. Həzrə, Balaqusar, Əniğ, Yasab, Köhnə Xudat, Gündüzqala kəndlərində qədim məqbərələrin, məscidlərin, qədim insan məskənlərinin, qalaların qalıqları qorunub saxlanılmaqdadır. Rayonda qədim xalq sənətinin ən geniş yayılmış növü xalçaçılıqdır. Qusar rayonu füsunkar torpağın bir parçası kimi təkrarsızdır, cəlbedicidir. Quba Azərbaycanın gözəl təbiəti və qədim tarixi ilə seçilən guşələrindən biridir. Böyük Qafqaz silsiləsinə aid Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Tarixi ilk orta əsrlərə gedib çıxan Quba haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunub. Şəhərin adının mənşəyi haqqında bir sıra mülahizələr mövcuddur. Bəzi tarixçilər bu adın Ərəb xilafəti dövründə buraya köç edən tayfalarını gətirdiyini iddia edirlər. Belə ki, Məhəmməd Peyğəmbərin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Qubadır.
Qədim tarixə malik Qubada ümumilikdə 134 tarixi arxeoloji abidə qeydə alınıb. XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, günbəzli hamam da bu abidələr sırasındadır. Ölkənin aqrar mərkəzlərindən biri olan Quba özünün alma bağları ilə məşhurdur. Baharda, alma ağacları çiçəkləyəndə bu çiçəklərin ətri hər tərəfə yayılır. Azərbaycanın təbii abidələri siyahısına daxil edilmiş, dövlət tərəfindən qorunan Vəlvələçay üzərindəki məşhur Afurca şəlaləsi, piyadalar üçün quraşdırılmış asma körpü, termal bulaqlar, dərinliyi 600 metr olan Təngə dərəsi, dünya möcüzələrindən sayılan Xınalıq kəndi, burada yaşayan etnik qrup, müalicəvi sular ilin bütün fəsillərində turistləri və səyahət həvəskarlarını cəlb edir. Quba xalçaları dünyada çoxdan məşhurdur.
Ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında baş verən genişmiqyaslı müsbət dəyişikliklər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xaçmazı bu gün parklar və muzeylər şəhəri adlandırırlar. Xaçmaz ölkəmizin turizm imkanları geniş olan rayonlardandır. Ölkəmizə gələn turistlərin daha çox üz tutduğu, Xəzər dənizi və sıx meşəliklərlə əhatə olunmuş Nabran istirahət zonası bu rayonun ərazisində yerləşir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası müddətində rayon ərazində 5 mehmanxana və 6 böyük istirahət mərkəzi yaradılmışdır. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə Xaçmaza 6 dəfə səfər etməsi, Dövlət proqramlarının icrası ilə əlaqədar həyata keçirilən işlərə birbaşa nəzarəti, şəxsən tapşırıq və tövsiyələr verməsi rayonun daha da inkişafına, çiçəklənməsinə stimul vermişdir
Şabran-qədimliklə müasirliyin qovuşduğu məkan. Şabran rayonu Böyük Qafqaz fiziki-coğrafi vilayətinin şimal-şərq hissəsində yerləşir. Rayonun iqtisadi-coğrafi mövqeyinin başlıca xüsusiyyəti onun turizm imkanlarını artırır. Belə ki, rayonun Yan silsilə ilə Xəzər dənizi arasında, şimala gedən tranzit yolunun üzərində yerləşməsi burada infrastrukturun inkişafına əlverişli şərait yaradır. Düzənliklər tədricən təpəliklər, daha sonra meşələr, sonra da dağlarla əvəzlənir. Sinəsini dənizə açmış Şabran kürəyini, necə deyərlər, dağlara söykəyib. Rayonun sıx meşələri, sıldırım qayalar arasından axan çaylar və müalicəvi əhəmiyyətə malik olan kükürdlü su bulaqları var. Şabran rayonunda 15-dək tarixi abidə qeydə alınıb. Şübhəsiz ki, onlardan ən möhtəşəmləri qədim Şabran və Çıraqqala abidələridir. Qədim Şabran şəhəri və Çıraqqala odlar yurdu Azərbaycanımızın ümumdünya əhəmiyyətli nadir tarixi abidələrindəndir.Zəngin tarixə malik Şabran doğma Azərbaycanımızın siyasi, iqtisadi və mədəni həyatında mühüm iz qoyan, şəhərsalma tarixinin nadir nümunələrindən olan şəhərlərimizdəndir. Şəhərin Sasanilər sülaləsindən olan Şah Xosrov Ənuşirəvan tərəfindən qala-şəhər kimi tikildiyi də yazılı mənbələrdə qeyd olunur. Şabranda qaynar şəhər həyatı əsasən IX-XV əsrlərə təsadüf edir. Çıraqqala təkcə tarixi abidə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə turistlər üçün cəlbedici məkan ola bilər.

Doğma Azərbaycanımızın hər tərəfi gözəldir, mənzərəlidir, səfalıdır.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Şimal bölgəsinin füsunkarlığı.- FOTO
Şimal bölgəsinin füsunkarlığı.- FOTO
Şimal bölgəsinin füsunkarlığı.- FOTO
Şimal bölgəsinin füsunkarlığı.- FOTO
Şimal bölgəsinin füsunkarlığı.- FOTO







SON XƏBƏRLƏR