Bu gün yaşadığım Sumqayıt şəhərində şəhid Allahverdi Qasımovun ailəsinin qonağı oldum
Füzuli rayonunun 1100 dən çox şəhidi,113 nəfər girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.Hazırda 51 kənd və rayon mərkəzi işğal altındadır. 21 kənd və strateji Horadiz qəsəbəsi işğaldan azad edilib.
Vətənin igid oğullarından biri, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Allahverdi Qasımovu tanıyaq. Allahverdi Fərman oğlu Qasımov 1962-ci ildə Füzuli rayonunun Cəbrayıl kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Uşaq ikən anasını itirən Allahverdi ailənin yükünü boynuna götürür və ailəyə maddi kömək etmək üçün işləyir və orta təhsilldə ala bilmir. O xeyli müddət “kələsər” üsulu üzüm sahələrində fəhlə kimi çalışır. 1982- ci ildə Qıztamam adlı xanımla ailə həyatı qurur və Füzuli rayonunun Qaraxanbəyli kəndində yaşayır. 1993-cü ilin avqust ayında mənfur düşmən Füzuli şəhəri və rayonun böyük hissəsini, bir sıra kəndlərini eləcədə Qaraxanbəyli kəndini işğal edir və Qurbanovlar ailəsi Beyləqan rayonunda kənd klubunun inzibati binasında məskunlaşır. Bir müddət burada yaşayan ailə 1996- cı ildə Sumqayıt şəhərinə köçür. Ailə başçısı Allahverdi kişi Beyləqan rayonunun Haramı kəndində maldarlıq fermasında heyvanlar baxan vəzifəsində çalışır.
1997-ci il 20 yanvar... Heyvanları otlaq sahəsinə otarmağa çıxaran Allahverdi Qasımov mina partlaması nətiçəsində müxtəlif nahiyələrdən zədə alaraq 35 yaşında şəhidlik zirvəsinə uçalır.
Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub. 4 övladı var: Niyaməddin, Kəmalə, İlqar, Yaşar. Hal-hazırda 15 nəvəsi var.
Ömür gün yoldaşı Qıztamam xanım Allahverdi haqqında bizə danışdı:
- Allahverdi çox zəhmətkeş, övladlarını sevən, ailəcanlı bir ömür-gün yoldaşı idi, heç zaman ondan incimədim, bir ağır söz eşitmədim. Uşaqlığı da çox ağır keçmişdir, körpəkən anasını itirir. Hər zaman fəhləlik edərək heç kimdən kömək istəmədi. Vətəni Füzulinin işğalı ilə heç barışmırdı və hər zaman döyüşə hazır bir əsgər idi. Tanrı elə qismət yazdı ki, Vətəni, xalqı yolunda şəhidlik zirvəsinə uçaldı. Allah rəhmət eləsin.
Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran, gələcək nəsillərə örnək olan Vətənin igid oğullarından biri Allahverdi Qasımov 35 yaşında çox sevdiyi Vətəni uğrunda canından keçərək ən uca zirvə şəhidlik zirvəsinə uçaldı. İnşallah tezliklə bütün torpaqlarımızı azad edərik və o zaman bütün şəhid ruhları sevinəcək.
Məkanın cənnət olsun. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“İctimaixeber.com”




















