28-ildir LAÇINSIZIQ

sosial sebeke

1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub.

Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan imzalamışdı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. Minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə Laçınlılar doğma obalarından didərkin düşərək Respublikamızın bölgələrinə səpələndilər. 18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilir. Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
"Laçın" 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Qeyd edək ki, "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirmişlər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarcay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. 69 min əhalisi olan bu səfali məkan 125 kənddən, 1 şəhərdən və 1 qəsəbədən, 133 iri və orta müəssisələrdən, 3 məktəbəqədər uşaq müəssəsindən, 101 ümumtəhsil məktəbindən, 2 texniki orta ixtisas və peşə məktəbindən, 20 xəstəxana və tibb müəssisəlrindən, 217 mədəniyyət ocaqlarından ibarət idi.

Rayonda əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf etmişdi. Hazırda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.
1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət onu deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil. Laçında tezliklə qələbini qeyd etmək arzusu ilə...


Yeganə Telmanqızı
“İctimaixeber.com”



SON XƏBƏRLƏR