27 ildi Ağdamsızıq...
1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir və Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət eləmişdi. 1828-ci ildə Ağdama şəhər statusu verilmişdir. Ağdam rayonu
Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları ilə, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu ilə, qərbdə isə, Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.
XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Şəhərin rəsmi olaraq salınması bəzi mənbələrdə 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keçməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Qarabağ müharibəsinin ilk şəhidlərini məhz Ağdam rayonu vermişdir (Əli və Bəxtiyar).
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.
1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.
Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonya gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu.
5 ildən artıq Ağdamın müdafiəsi uğrunda 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü, qanlı döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. Ağdam Azərbaycana 16 Milli qəhrəman verdi: Şirin Mizəyev, Asif Məhərrəmov (Fred), Allahverdi Bağırov, Yelmar Edilov, Əlabbas İsgəndərov, Faiq Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov, Canpolad Rzayev, Nadir Əliyev, Rövşən Əkbərov. II Dünya müharibəsində iştirak edən tanınmış ağdamlılar:
G.Vəlibəyov, S.Qurbanov, Z.Vəlibəyov,Y.Vəlibəyov, Ə. Əsgərov (Şıxbabalı) . Q.Abdullayev Məhəmməd (Quzanlı), F.Əliyev, A.Hüseynov... Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. Hazırda əhalisinin sayı 182000 (onlardan 145000 nəfəri məcburi köçkündür ). İşğal olunmuş şəhər, qəsəbə və kəndlərin sayı – 1 şəhər, 83 kənd Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 10 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 90 min nəfər əhali (37 min yerli, 53 min məcburi köçkün) yaşayır. Ağdam rayonunun işğalından 25 il keçir. Çobandağ əhəngdaşı (ehtiyatları – 140464 min ton), Boyəhmədli gil (ehtiyatları – 44708 min ton) və Şorbulaq gil (ehtiyatları 25197 min ton) yataqları; ehtiyatları 3999 min kub metr olan və üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı; kərpic istehsalına yararlı Ağdam gil (ehtiyatları 1599 min kub metr) yatağı; ümumi ehtiyatları 29599 min kub metr olan 2 (Xaçınçay və Qarqarçay) qum-çınqıl qarışığı yataqları vardır.
Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd şərq çinarı pasportlaşdırılmış təbiət abidəsi kimi qorunurdu.
1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilən Ağdamda çaxır zavodu, Azərbaycanda ilk çaxır zavodlarından biri sayılır. Qarabağ atı Ağdamda yayılmışdır. Şəhərdə 1949-ci ildə şəhərdə Ağdam Atçılıq Zavodu fəaliyyat göstərmişdir. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunu maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Ağdamda yerləşən məscidlərdən Cümə məscid və Şahbulaq məscidin qeyd etmək olar. “Çörək muzeyi”-Bərəkət muzeyi.Ağdamda dünyada ikinci çörək muzeyinin açılması ideyası 1982-ci ildə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Muzey ilk qonaqlarını 1983-cü il noyabrın 25-də qəbul edib. Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonda adlı-sanlı nəsildən olan Məhəmməd Qarayev tərəfindən inşa etdirilib. 127 tarixi abidələri və maddi-mədəniyyət nümunələri Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar. 1986-cı il iyul ayının 26-da açılan Çay evinin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub. Çay evi akademik Xudu Məmmədovun ideyası ilə inşa edilib. 2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində Çay evinin bənzəri tikilib. 1930-cu ildə şəhərdə park salınmışdır. Parkda fıstıq, meymun alması ağacı və rəqs meydançası var idi.
1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilən Ağdamda çaxır zavodu, Azərbaycanda ilk çaxır zavodlarından biri sayılır. Ağdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı və 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğamı məktəbi, "Qarabağ bülbülləri" ansamblı yaradılıb. 2014-cü ildə, alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan “Xaraba Ağdam” əsərini şəhərə həsr edib.
Şəhərin tanınmış sakinlərdən dramaturq Məcid Şamxalov, pediatr Ədilə Namazova, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov, yazıçı Ramiz Abbaslı, aktyor Murad bəy Muradov, tarzən Qurban Pirimov, xanəndə Qədir Rüstəmov, Nəzakət Teymurova, Arif Babayev, Mənsum İbrahimov, Təyyar Bayramov, Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova, film direktoru Rimma Abdullayeva, futbolçu Vüqar Nadirovu və digərlərini qeyd etmək olar.
Ağdam cənnət məkanım. Gün gələcək işğaldan azad olunduğun günü qeyd edacayik. İnsallah o gün uzaqda deyil. Azərbaycanın güclü Milli Ordusu var və səriştəli Ali Baş komandanı var.
Müəlifdən: Ağdam doğma diyarım, ata-baba ocağım, atamın dəfn olduğu torpaq. Gələcəyik inşallah o gözəl Ağdamımıza, Şuşamıza cənnət Qarabağımıza. O gün uzaqda deyil. Mənim ən böyük arzum Ağdam bölgəsi üzrə müxbir olmaqdı. İnşallah o arzumada çatacam.
Yeganə Telmanqızı
“İctimaixeber.com”





















