Yeganə Telmanqızı yazır- Şəhidlər- dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir.

Xatırladaq ki, Ağdam rayonu 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Qəhrəman rayonumuz Ağdam uğrunda döyüşlərdə 6000-dən artıq insan şəhid olub. 16 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onların döyüş yolu və həyat fəaliyyəti ilə sizləri tanış edirik:

Baxşeyiş Xanəhməd oğlu Paşayev
“Ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş Paşayev mahir atıcı olmaqla, həm də gözəl kəşfiyyatçı idi.
Paşayev Baxşeyiş Xanəhməd oğlu 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində dünyaya göz açıb. O, yeddinci sinfi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olur. 1954-cü ildə texnikumu bitirir və Ağdam Atçılıq Sovxozunda mexanizator işləməyə başlayır. 1965-ci ildən isə o, öz fəaliyyətini sürücü kimi davam etdirir. 1988-ci ildə müharibənin ilk qığılcımları görünürdü. O, Qarabağ müharibəsinin ilk qurbanları olan Əli və Bəxtiyarın ölümündən sonra Xalq hərəkatına qoşulur.
Erməni basqınının qarşısının alınmasında böyük rolu olan Baxşeyiş, ayrı-ayrı kəndlərə ərzaq çatdırılmasında, yollar bağlanan zaman isə əhalinin bir yerdən başqa yerə köçürülməsində fəal iştirak edir. O, “Qarabağ müdafiə şahinləri” dəstəsinin ən fəal döyüşçüsü sayılırdı. Xramort kəndinin ermənilərdən təmizlənməsində əsl igidlik göstərir. Döyüşçülər arasında “ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş Paşayev mahir atıcı olmaqla, həm də gözəl kəşfiyyatçı idi. Dəfələrlə Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərinə kəşfiyyata getmiş, onun məlumatları əsasında aparılan hücum əməliyyatları uğurla nəticələnir. O, 10 aprel 1992-ci ildə Şuşakənddə ermənilərin çox mühüm döyüş nöqtələrini məhv etmək üçün vertolyotçularımıza bələdçilik edir. Baxşeyiş, Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında böyük fədəkarlıq göstərir.
1992-ci il 12 iyul...Düşmən Xanabad kəndinə hücuma keçdi. Baxşeyişin dəstəsi cavab olaraq, düşmənin 7 postunu ələ keçirdi. Yaraqlılar gözlənilməz hücumun qarşısında aciz qalır. Lakin qəfil düşmən gülləsi ilə xalqımızın igid oğlu Bəxşeyiş Paşayev 56 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Ailəlidir. Doqquz övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ağdam rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Yelmar Şahmar oğlu Edilov
Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur.
Yelmar Şahmar oğlu Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya göz açmışdır. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı idmançı idi. Sambo ilə məşğul olurdu. Baş vermiş bir hadisə onu ordudan geri dönməyə məcbur etdi. Qarnizon birinciliyi uğrunda sambo yarışları zamanı boyun sümüyü zədələnmişdi. O, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olundu və texnikumda yarımçıq qalmış təhsilini davam etdirməyə başladı. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəldi.
1988-ci il... Ermənilərin Azərbaycana ərazi iddiaları başlayan vaxtdan Yelmar Edilov namuslu bir Vətən övladı kimi dincliyini də, yuxusunu da itirmişdi. O, könüllü müdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Yalnız 1990-cı il hadisələrindən sonra bu yöndə müəyyən işlər görülməyə başladı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri - Sırxavənd, Qazançı, Kiçan və Fərrux erməni hərbçiləri tərəfindən gecə-gündüz atəşə tutulurdu. Ümid yerli özünümüdafiə dəstələrinə qalmışdı. Belə bir vaxtda Kolanı kəndində Y.Edilovun başçılığı ilə belə bir dəstə yaradıldı. Bu dəstə Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə əsl rəşadət göstərirdi.
11 aprel 1994-cü il... Cəsur komandirin son döyüşü... Düşmən böyük qüvvə ilə “Çərik” kökəltmə məntəqəsinə tərəf hücuma keçir. Y. Edilovun komandirlik etdiyi tabor ölüm-dirim savaşına girir. Sol cinahdan hücuma keçən döyüşçülərimiz düşmənin 2 tankını vurmağa müvəffəq olur. Böyük itkilər verən düşmən geri çəkilməyə məcbur olur. Lakin hələ həlledici zərbə endirilməmiş, hələ döyüş bitməmişdi. Gözlənilmədən Yelmarın yanında bir mərmi partladı. Beləcə onun ömrü də, arzuları da qırıldı. Cəsur komandir 48 yaşında gözlərini əbədi yumdu.
Evli idi. 7 övlad atası idi - beş oğul, iki qız.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir
Bakı şəhərindəki ikinci Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Muxtar Cahid oğlu Qasımov
Muxtar Qasımov Xocalı faciəsindən sonra isə o, öz taleyini cəbhə ilə bağlayır.
Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. Qasımovlar ailəsi 1963-cü ildə doğma ata-baba yurdu olan Ağdam şəhərinə qayıdır. O, 1964-cü ildə atasının işlədiyi 5 saylı orta məktəbə qədəm basır. Sakit, təmkinli xasiyyəti ilə yoldaşlarından seçilən Muxtar 1974-cü ildə təhsili əla qiymətlərlə başa vurur. O, həkimlik peşəsini çox sevirdi. Kamil həkim olmaq üçün bütün fənləri mükəmməl öyrənir. Elə bu arzuyla sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) verir. Lakin həmin ili məktəbə daxil ola bilməsə də bu uğursuzluq onu əsla ruhdan salmadı. Bir müddət Ağdam Konserv zavodunda, sonra isə Tikinti-quraşdırma idarəsində əmək fəaliyyətinə başladı. Növbəti ildə isə o, Tibb İnistitutunun müalicə-profilatika fakultəsinə daxil olur.
1981-ci ildə Universiteti bitirdikdən sonra Qasımov Muxtar Cahid oğlu təyinatla Dağlıq Qarabağa yolladılar. O, Xankəndindəki Təcili Yardım stansiyasında fəaliyyətə başladı. 1988-ci ildə erməni yaraqlılarının Azərbaycan torpaqlarına hücumu başlayanda o, iş yerini Ağdam şəhər mərkəzi xəstəxanasına dəyişməyə məcbur olur. Bir müddət reanimasiya şöbəsində həkim, sonra isə hərbi xəstəxanada baş ordinator vəzifəsində çalışır. Bu illər ərzində Muxtar Qasımov bacarıqlı və təcrübəli həkim kimi yüzlərlə yaralı əsgərimizin sağalıb yenidən cəbhəyə qayıtmasında əlindən gələni əsirgəmir. Xocalı faciəsindən sonra isə o, öz taleyini cəbhə ilə bağlayır. 1992-ci ilin mart ayında Ağdamda yaradılan hərbi hospitalda işə başlayır. İyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə hərbi həkim kimi öz blik və bacarığını bir daha nümayiş etdirir. Lakin amansız ölüm ömrünü yarıda qırdı. O, 16 iyun 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən 34 yaşında qəhrəmancasına həlak oldu.
Ailəli idi.
Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı Şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əlabbas Qara oğlu İsgəndərov
Həyatının son anında mahir kəşfiyyatçı quldur yuvasına ilk od vuranlardan biri oldu...
Əlabbas Qara oğlu İsgəndərov 25 iyul 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində doğulmuşdur. O, Kolanı obasında qoçaqlığı, əyilməzliyi ilə ad-san çıxaran, hələ sovet dövlətinin kəshakəs vaxtında belə bu hökümətə arxa çöndərən, onun əlinə yaxa verməyən qaçaq Zallar Arazın yaxın qohumu idi.
O, orta məktəbi doğulduğu kənddə bitirmişdi. Yaşıdları arasında böyük hörməti var idi. Əlabbas 18 yaşının tamamında ordu sıralarına çağırılır. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət təsərrüfatda çalışır. Zəhmətkeş, torpağa bağlı bir insan olduğunu nəzərə alaraq onu İcarə kollektivinə başçı seçirlər.
O, torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi. 1991-ci ilin noyabr ayında Ağdamda özünümüdafiə dəstəsi yaradılanda ona ilk yazılanlardan biri də Əlabbas olur. Ə.İsgəndərov dəstənin ən igid, ən qorxmaz koşfiyyatçılarından hesab olunurdu. O, ən çətin tapşırıqları məharətlə yerinə yetirir, düşmənin strateji əhəmiyyətli mövqelərinin vaxtında zərərsizləşdirilməsi üçün canını belə əsirgəmirdi.
1992-ci ilin fevralında bir ay mühasirə şəraitində qalan Umudlu kəndi hərbi vertolyotların köməyi ilə boşaldılırdı. Axıra qalmış 40 nəfər döyüşçünün həyatını xilas etmək üçün vertolyotun kəndə enməsinə düşmən imkan vermirdi. Məhz Əlabbasın qəhrəmanlığı sayəsində həmin döyüşçülər gizli yollarla on gündən sonra hərbi hissəyə qayıda bildilər.
4 mart 1992-ci il... Əlabbas İsgəndərovun son döyüşü... Qazançı kəndi uğrunda döyüşlərdə mahir kəşfiyyatçı quldur yuvasına ilk od vuranlardan biri oldu... Ancaq bu döyüşdə o, 34 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.

Fazil Umud oğlu Mehdiyev
Fazil hadisələr başlayan ilk gündən əlinə silah götürdü.
Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələçi kəndində doğulmuşdur. O, körpə olarkən, ailəsi Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçmüşdür. Fazil 1973-cü ildə məktəbə bu kənddə qədəm qoymuşdur. 1983-cü ildə orta təhsilini başa vurmuşdur. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur.
Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıtmışdır. Bir müddət burada qaldıqdan sonra işləmək üçün Rusiyaya gedir. Orada çox qalmır. Vətən onu çəkir. Qayıdandan sonra sürücülük peşəsinə yiyələnir.
O, Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü işləyirdi. Bu vaxtlar erməni yaraqlıları Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar.
Fazil bu hadisələr başlayan gündən əlinə silah götürdü. O,1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazıldı. Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən eşidilməyə başladı.
1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak etdi. Qaradağlı kəndində ayağından ağır yaralandı. Lakin bunu ailəsinə bildirmədi. Yarası hələ tam sağalmamış, döyüş yoldaşlarının yanına qayıtdı.
F.Mehdiyev 1991-ci ilin avqustunda ermənilərin “Niva” markalı bir maşınını ələ keçirib, Ağdam Rayon Polis Şöbəsinə təhvil vermişdir.
1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə... Ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Köməyə ehtiyac vardı. O, bu xəbəri eşitcək, dostu Salehlə maşına minib köməyə tələsdi. Ermənilər Ağdamdan gələn yolda pusqu qurmuşdular. Fazil yoldan keçərkən Ağbulaq kəndi yaxınlığında qəfil hücuma məruz qaldı. O, bu döyüşdə 25 yaşında faciəli surətdə qəhrəmanlıqla şəhid oldu. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilmişdir.
Bakının Nəsimi rayonunda büstü qoyulmuşdur. Səbail rayonunda isə onun adına küçə var.

Rövşən Şamil oğlu Hüseynov
Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Rövşən Şamil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.
1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.
Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən- pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.
Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi.
1992-ci il 11may... Qızğın gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə 25 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Subay idi.Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.

Hidayət Eldar oğlu Rüstəmov
Hidayətin ömür yolu o, qədərdə uzun olmadı lakin şərəfli bir ömür yaşadı.
Rüstəmov Hidayət Eldar oğlu 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açıb. Burada səkkizillik məktəbi bitirdikdən sonra, təhsilini Ağdam şəhərindəki 50 saylı texniki-peşə məktəbində davam etdirir. 1988-90-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
Hidayət Rüstəmov hələ məktəbdə oxuyarkən polis sistemində işləmək arzusu ilə yaşayırdı. 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şövbəsinin post-patrul alayına qəbul edildi.
Eldar ilk günlərdən bir polis çavuşu kimi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, döyüş rəşadəti göstərirdi. Ancaq Hidayətin ömür yolu o, qədərdə uzun olmadı.
1991-ci il 23 dekabr...Erməni yaraqlılarının Meşəli kəndinə nöbəti hücumu zamanı kəndi mühasirəyə alır. Dinc əhalini xilas etmək üçün Ağdam rayon DİŞ-nin əməkdaşları döyüşə girdilər. Cəsur polis çavuşu Hidayət Rüstəmov boş evlərin birində özünə mövqe seçdi. Qüvvələr qeyri-bərabər idi. Hidayət qorxu bilmədən, yaxınlaşan düşmənə gözlənilməz zərblər endirdi. Lakin erməni yaraqlıları onun qurduğu istehkamı yardılar. Quldurlar cəsur döyüşçünün təslim olmadığını görüb, evə od vurdular. Hidayət qorxmadan cəsurluq göstərərək son qanına kimi vuruşdu. Hidayət bu döyüşdə 21 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Hidayət subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstrəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əkbərov Rövşən Telman oğlu
Azərbaycan müstəqillik qazanandan sonra Rövşən Əkbərov öz taleyini Milli Ordumuzla bağlayır.
Əkbərov Rövşən Telman oğlu 4 iyun 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 42 saylı məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə (indiki Hərbi Lisey – red.) daxil olur. O, 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Sonra isə Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbi… Gənc zabit 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi komandanlığının sərəncamına göndərilir. O, bir il Zaqafqaziya Hərbi Dairəsinin 4- cü Ümumqoşun Ordusunun 75-ci motoatıcı diviziyasıınn 342-ci motoatıcı alayında kəşfıyyat bölüyünün taqım komandiri işləyir. 1987-ci ildə taqım komandiri kimi xidmət etdiyi Ordunun tərkibində Əfqanıstana göndərilir. Burada xidmətini uğurla başa vuran peşəkar zabit, 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür və 409-cu motoatıcı alayında xidmətini davam etdirir. 1989-cu ildə isə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir.
Azərbaycan müstəqillik qazanandan sonra Rövşən Əkbərov öz taleyini Milli Ordumuzla bağlayır. 1990-cı ildən 1992-ci ilə kimi Beyləqan rayonunda hərbi komissarın köməkçisi, sonra isə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində müxtəlif vəzifələrdə çalışır. O, 1992-93-cü illərdə 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissənin tabor komandirinin müavini, 1993-95-ci illərdə isə motoatıcı alayın komandiri vəzifələrində işləyir. Bacarığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən R.Əkbərov 1995-ci ildə 777 saylı motoatıcı briqadanın komandiri təyin olunur. O, 1997-ci ilə qədər həmin vəzifədə çalışır.
Rövşən Əkbərov bu illər ərzində bir çox çətinliklərə sinə gərmiş, sınaqlardan məharətlə çıxmışdır. Erməni işğalına qarşı döyüşlərdə yaxından iştirak edən igid komandir dövlət çevrilşinə cəhd edən daxili qüvvələrə qarşı aparılan əməliyyatlarda da fərqlənmişdir. Bütün bunları nəzərə alaraq Müdafiə nazirinin əmri ilə o, 1997-ci ildə nazirliyin Kadrlar və Hərbi Təhsil İdarəsi rəisinin müavini, 1998-ci ilin may ayında isə Ordu Korpusu komandiri vəzifəsinə təyin edilir.
General-leytenant rütbəsinə qədər yüksələn bacarıqlı hərbçi öz biliyini artırmağı da yaddan çıxarmır. O, 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəlidir. İki qız, iki oğul atasıdır. Siralarımızda olan Milli Qəhrəmanımıza Allahdan can sağlığı arzu edirik.
Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat və döyüş yolundan çox şeyləri öyrənməlidir.
Allah rəhmət eləsin.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Yeganə Telmanqızı
“İctimaixeber.com”

















