ELMİ ARAŞDIRMA

sosial sebeke

İNTERNET ŞƏBƏKƏSİNDƏ VİRTUAL MUZEYLƏRİN İCMALI


GİRİŞ

İnformasiya texnologiyalarının sürətli inkişafı və insan fəaliyyətinin bütün sahələrində geniş istifadəsi adi reallıqların virtual məkanda əks olunması zamanı onların dəyişdirilməsi və modifikasiyası ilə nəticələnmişdir. Buna misal olaraq, İnternet şəbəkəsində meydana gələn və sürətlə inkişaf edən, mahiyyəti etibarilə elektron muzey eksponatlarını, rəqəmsal foto, audio və videomaterialları, animasiyaları və s. ehtiva edən verilənlər bazasından təşkil olan virtual muzeyləri göstərmək olar.Virtual muzey anlayışı həyatımıza ötən əsrin sonlarında, 90-cı illərin ortalarında daxil olmuşdur. Hazırda axtarış sistemlərinin köməyilə İnternetdə bu adla mindən artıq elektron muzey tapmaq mümkündür.
Əsas məqsədi şəbəkədə təqdim olunan və virtual muzey adlandırılan bir çox təzahürlrin nəzərdən keçirilməsi və təsnif edilməsi cəhdi olan bu məqalədə “Virtual muzey”[/size] ifadəsinin nədən ibarət olduğunu və nələri ehtiva etdiyini öyrənməyə çalışacağıq.


1. REAL MUZEY VERSUS VİRTUAL MUZEY

Klassik olaraq, muzey adlandırılan mədəniyyət müəssisələrinə aşağıdakı formada tərif verilir.
Muzey (lat. museum – ilham pərilərinin məbədi) – incəsənət əsərlərinin, tarix, elm, məişət, sənaye, kənd təsərrüfatı əşyalarının, dahi insanların həyat və fəaliyyətinə dair materialların və s. müəyyən sistem üzrə yerləşdirilməklə qorunması, əyani tədqiqi, eləcə də geniş ictimaiyyət kütlələri arasında yayılması məqsədilə toplanıldığı, saxlanıldığı və nümayiş
etdirildiyi müəssisədir. Muzeylər haqqında ilk qeydlər XV–XVI əsrlərə aiddir.
Tərif və real olaraq fəaliyyət göstərən muzeylərin yuxarıda sadalanan bütün funksiyaları bu və digər dərəcədə İnternet şəbəkəsində mövcud olan virtual muzeylərə də şamil olunur. Onların fərqi, real və virtual muzeylərin təşkilati xüsusiyyətləri, fərqləri və ortaq cəhətlərinin nədən ibarət olduğu aşağıda nəzərdən keçiriləcəkdir.


1.1. Virtual muzey – yeni reallıqdırmı?

İnternetdəki istənilən axtarış sistemi “virtual muzey” açar sözü əsasında bu sözlərin istifadə olunduğu çoxsaylı internet səhifəsi təqdim edəcəkdir. Bu saytları nəzərdən keçirərkən “nəyin nə olduğunu” anlamaq və müəyyən səliqə-sahman yaratmaq istəyi yaranır. Müasir İnternetdə iki növ muzey saytları mövcuddur:
1) real muzeylərin nümayəndəlikləri və
2) əsl virtual muzeylər.
Hələlik bu muzeylər vahid adla adlandırılır: virtual muzeylər.


Real muzeylərin (RM) muzey tematikalı internet səhifələri çoxsaylı və olduqca populyardır və İnternet məkanını dünyanın bir çox muzeyləri, onların ekspoziyaları, sərgiləri, kataloqları, ünvanları, iş saatları, müxtəlif tədbirlər və s. haqqında məlumatlarla təmin edir, yəni RM-lərin ənənəvi saytları muzey məlumatlarının yayılması və bir növ reklam məqsədilə istifadə olunan texniki vasitədir. Əsl virtual muzeylə qarışıq salmamaq üçün real muzeyin saytını həmin muzeyin virtual dünyası da adlandırmaq olar. Məsələn, Ermitaj və ya Rusiya muzeyinin virtual dünyası.
Əsl virtual muzeylərə (VM) İnternetdə daha az rast gəlinir. Onların sayı real olaraq mövcud olan muzeylərin nümayəndəliklərinin sayından azdır, lakin son zamanlar onların mövqeyi güclənməkdə və sayı artmaqdadır. İnternetdə mövcud olan və virtual adlandırılan ikinci növ muzeylərin xüsusiyyətlərini nəzərdən keçirək.
Real və virtual muzeylər üçün ortaq cəhət - istənilən muzeyin, qədim əşyaların saxlanc yeri deyil, tarixin davam etdiyi yer olmasıdır. Muzey eksponatları cari zamanın hadisələrinin əksi ilə tamamlandığından burada tarix müasirliklə görüşür (kitablar və bioqrafiyalar, sənədlər və əşyalar, layihələr və fotomateriallar və s.).


1.2. Virtual muzeyin fərqli xüsusiyyətləri

Virtual muzeyin xüsusiyyəti ondan ibarətdir ki, belə bir muzey mövcud deyildir (real muzeydən fərqli olaraq), ancaq yuxarıda göstərilən tərifə uyğun gəldiyi üçün muzey hesab olunur. İnternet şəəbəkəsində yerləşsə belə real eksponatlara əsaslanır və öz strukturu vardır. Üstəlik hər bir virtual muzey təşkilatçısı özünə rahat və əyani görünən struktur və təşkilatlanma növü seçir. RM və onun təşkilati strukturu (eksponatlar, sərgilər, ekspozisiyalar, saxlama anbarları, kataloqlar və s.) müəyyən mənada VM üçün proobraz rolunu oynayır, bəzi nüanslar isə öz xüsusi virtual muzeyini yaradanların özləri tərəfindən əlavə olunur. Qeyd olunmalıdır ki, virtual muzey yaratmaq ideyası sadə olduğu qədər, onun texniki həlli bir o qədər mürəkkəbdir.
Adi muzeylə bənzərliyi olsa da, virtual muzey – daimi ekspoziyası və müvəqqəti sərgiləri olan ənənəvi real muzey təsəvvüründən kənara çıxan yeni reallıqdır. Virtual muzeyin ekspoziyaları daim inkişaf edir, sərgiləri isə illərlə davam edə bilər, onların sayı yeni fikirlər, maraqlı layihələrdən asılı olmaqla, yalnız həmin muzeyin tematikası ilə məhdudlaşır. Real muzeyin eksponatları zamanla istifadəyə yararsız vəziyyətə düşür, virtual muzeyin kolleksiyalarında isə ortaya nümunələrin qorunması ilə bağlı sual çıxmır.
Virtual muzeyin xüsusiyyəti ondan ibarətdir ki, tamaşaçı (istifadəçi) “onu (VM) öz kompüterindən ziyarət edir, onunla təkbətək ünsiyyət qurur, öz şüurunda yaratdığı yeni reallığa qərq olur. Məhz virtual muzeyin “yeni reallığında” insan adi tamaşaçıdan bu “yeni reallığın” iştirakçısına çevrilir, burada ona heç kim mane olmur: nə digər ziyarətçilər, nə də muzey işçiləri” [2]. Əlavə olaraq, virtual muzeyi gündüz və gecənin istənilən saatlarında ziyarət etmək mümkündür, bilet almaq üçün heç bir növbə və ya muzeydə olmaq vaxtına hər hansı məhdudiyyət yoxdur.
Virtual muzey uzun illər boyunca bir dəqiqə belə fasilə vermədən, hətta bayram və istirahət günlərində fəaliyyət göstərəcəkdir, dünyanın istənilən güşəsindən oraya daxil olmaq mümkündür və virtual muzeyin ziyarətçi sayı real muzeydəkindən dəfələrlə çoxdur. Əlbəttə, istənilən internet səhifəsində olduğu kimi virtual muzeyin də öz “ssenarisi” vardır: bu onun strukturu, planı, xəritəsidir, ancaq virtual muzeyi ziyarət edərkən təşəbbüs yenə də insanın özünə məxsusdur.
Beləliklə, virtual muzey – sadəcə həqiqətən mövcud olan muzeyin saytı deyil, şəbəkədə yaradılmış, həqiqətdə analoqu olmayan və real dünyada fiziki və ya ideoloji təcəssümü olan həqiqi materialların yer aldığı orijinal saytdır. Belə bir fikir də vardır ki, virtual muzey – gələcəyin real muzeyinin əksi (ziddi) deyil, məhz aynasıdır, yəni zərurət yarandığı təqdirdə virtual muzeyin əsasında real muzey yaratmaq olar.
İnternet şəbəkəsindəki real muzeylərin nümayəndəlikləri və virtual muzeylər fərqli təşkilatlatdır. VM-lər RM-lərin virtual nümayəndəliklərindən ilk növbədə bu və ya digər məlumatın daşıyıcısı deyil, ilk mənbəyi olması ilə fərqlənir.


2. REAL VƏ VİRTUAL MUZEYLƏRİN İNTERNET ŞƏBƏKƏSİNƏ MÜNASİBƏTİ

Real və virtual muzeylərin İnternet şəbəkəsinə münasibəti fərqlidir. Birinci – İnternet şəbəkəsini öz fəaliyyətinin nümayəndəliyi kimi nəzərdən keçirir, ikinci isə - öz fəaliyyətinin, yəni mövcudiyyətinin təşkili kimi. RM İnternet şəbəkəsində muzeyin işi haqqında məlumat, müvəqqəti sərgilərin elanları, muzeyin əsas bölmələrinin icmalını yerləşdirir. Onun vəzifəsi İnternet vasitəsilə insanları muzeyi real olaraq ziyarət etməyə həvəsləndirməkdir.
VM İnternetdə bilavasitə muzey ekspozisiyası və sərgilərini yerləşdirir. Onun vəzifəsi – virtual muzeyin ziyarətçisinə onun başqa yerdə (real və ya virtual) görə bilməyəcəyini buradaindi göstərməkdir. Ekspozisiya və sərgilərin tərkibi və sayı virtual muzeyin konsepsiyasına əsasən müəyyən olunur.
Real muzey İnternetin tam gücündən faydalanmır, bir qayda olaraq orada keçid səhifələri olmur, İnternet onun üçün sadəcə fəaliyyətinin reklam meydançalarından biridir. VM-in bütün mövcudluğu isə onun şəbəkə resurslarına, elektron konfranslara, birgə layihələrə və s. maksimal dərəcədə qoşulmaları ilə şərtlənir, bunlar olmadan onun varlığından heç kimin xəbəri olmayacaqdır. Virtual muzey konkret məkan (bina) ilə bağlı olmadığından, onun üçün İnternet həm həyat fəaliyyəti, həm də mövcudluq sahəsidir.
Real muzeyin internet səhifəsi xarici görünüş baxımından da Virtual muzeyinkindən fərqlənir: RM-in səhifəsində orijinal dizayn və xarici effektlər vurğulanır, muzey işçilərinin tələbləri rəhbər tutulmaqla, reklam broşuru, bələdçisi, kataloqunun obrazı əsasında yaradılır.
Virtual muzeyin internet səhifəsində əsas diqqət məlumatın aktuallığımaterialların orijinallığına (dizayn orijinallığının əksinə olaraq) yönəldilir. Nəhayət, VM-də məlumatların yenilənmə tezliyi RM saytından bir neçə dəfəyüksəkdir. Belə ki, virtual muzey öz daimi ziyarətçi dairəsinin formalaşdırılması üçün xəbər məlumatları yerləşdirməklə, forumlar, konfranslar təşkil etməklə fasiləsiz olaraq səhifəni yeniləyir. Virtual sərgi əhəmiyyətli dərəcədə az zaman və məkan məhdudiyyəti olmaması baxımından real sərgidən fərqlənir.


3. VİRTUAL MUZEYİN YENİ İMKANLARI

Virtual muzey – öz muzeyini yerləşdirmək üçün məkan, eksponatların fiziki yerləşməsi və ya daşınması zərurəti olmadığından onun yaradıcısı (kuratoru) üçün ideal meydançadır. Məsələn, hər hansı müəyyən mövzu üzrə konkret şəxsi kolleksiyalar mövcuddur, onlar bir-biri ilə əlaqəsizdir, hər birinin öz sahibi vardır, lakin nümayiş olunması üçün məkan yoxdur. Bununla belə, onların sahibləri bir araya gələrək, öz eksponatlarını sərgilərin təşkili üçün real muzeylərə vermədən maraqlı şəxslərə nümayiş etdirmək istərdilər. Bu halda şəxsi kolleksiyaların virtual muzeyi məhz birgə layihə təşkil etməklə, onların öz niyyətlərini reallaşdıra biləcəyi strukturdur. Bu halda onların ideyası virtual mühitdə öz təcəssümünü tapacaqdır.
Virtual muzey unikal arxiv məlumatlarının saxlanılmasına imkan verir. Əvvəllər kağız və maqnit daşıyıcılara yazılan məlumatlar zamanla itirilə bilərdi. Beləliklə, virtual muzey real muzeylər üçün (heç kimin sığortalanmadığı müxtəlif təbiət hadisələri və təbii fəlakətlər) aktual olan nümunələrin qorunması məsələsini aradan qaldırır. Bu zaman VM-də məlumatların saxlanılması üçün hər hansı yaddaş məhdudiyyəti yoxdur.


4. VİRTUAL MUZEYLƏRİN MÖVCUDLUĞUNUN ƏSAS ASPEKTLƏRİ

4.1. Məlumat aspektləri

Hər şey hamıya məxsusdur – bu, İnternetin əsas fenomenidir. Burada ümumi “havayılıq” prinsipi alturizmlə yanaşı gedir. Virtual muzey yalnız hamı üçün açıq deyildir, o hamıya məxsusdur! Virtual muzeyin şüarı: “Kənar şəxslərin girişinə icazə verilir!” Hər kəs virtual muzeyin istənilən məlumatından (rəsmlər, məqalələr, sənədlər, şəkillər və s.) demək olar ki, sərbəst və tamamilə pulsuz istifadə edə bilər.
Virtual muzeyin kommunikativ funksiyası “yeni reallığın” ən mühüm aspektlərindən biridir. Virtual muzeyi dünyaya pəncərə kimi nəzərdən keçirmək olar: siz müxtəlif mövzulu istənilən muzeyə daxil ola, konfranslarda iştirak edə, qonaq kitabında öz təəssürat və arzularınızı bölüşə bilərsiniz. “Şəbəkə insanı” dünyada baş verənlərə aid olma hissi ilə yaşayır.
Aktuallıq – bu, özündə məlumatın yenilənməsi və şəbəkədə tam vaxtında yerləşdirilməsini ehtiva edən mühüm aspektdir. Əgər bir neçə ay ərzində heç bir sərgi işə başlamamışdırsa, bu saytın ziyarətçi trafikinə təsir edəcəkdir. Əgər virtual muzeydə mütəmadi olaraq, xəbərlər, gələcək sərgilərin elanları yerləşdirilir və forumlarda maraqlı problemlər müzakirə olunursa, “buraya xalq cığırı açılır”.


4.2. Sosial Aspektlər

Azadlıq – bu o deməkdir ki, virtual muzeyin real muzey kimi məkana, maliyyələşməyə, işçi vahidlərinə və rəyçilərə – tənqidçilərə ehtiyacı yoxdur. Orijinal ideya və onun virtual reallıqda gerçəkləşdirilməsi kifayət edir. Yeganə şərt – İnternet çıxışı olan kompüter və virtual ideyanı texniki cəhətdən reallaşdırmaq bacarığının olmasıdır.
Şəbəkədə bərabərlik o deməkdir ki, bütün virtual muzeylər müəyyən dərəcədə bərabərdir. Real həyatda olduğu kimi burada da “seçilmək”, yəni investisiya xərclərinin ölçüsü və miqdarı deyil, saytın mövzu cəhətdən orijinallığı və həyatiliyi, başqa sözlə desək yenilənməsi mühümdür. Maraqlı, yeni və yaxşı mühitin olması vacibdir.


Qardaşlıq ondan ibarətdir ki, virtual muzey öz növbəsində ixtisaslaşmış cəmiyyətlərə (real muzeylərin nümayəndəlikləri, virtual sərgi və muzeylər, müxtəlif şəbəkə layihələri və s.) ayrılan şəbəkə resurslarının bir hissəsidir. Bütün bu cəmiyyətlər təbii surətdə təşkil olunur. Hər hansı virtual təşkilat tərəfindən yaradılan keçid səhifələri bunu asanlaşdırır. Belə ki, məhz keçid səhifələri onun “işlədiyi” məzmunu, həmçinin elektron konfranslar və şəbəkə layihələrində iştirakı müəyyən edir.
Real həyatdan daha səmimi və dostyana olduğu olduğu üçün şəbəkə həyatına da demokratiya xasdır. Siz e-poçt vasitəsilə istənilən müxbirlə əlaqə yarada və ünsiyyət mövzusu hər iki tərəf üçün maraqlı olduğu müddətcə bir cavaba arxalana bilərsiniz. Virtual muzey özünə yaxın olan virtual təşkilatlar və və ayrı-ayrı şəxsiyyətlər arasında əlaqə yaradır, eyni zamanda özləri də cavab gözləyən ən müxtəlif müxbirlərdən məktublar alır.
Virtual muzeyin müstəqilliyi – bu ilk növbədə, onun öz fəaliyyətində məmurlardan asılı olmamasıdır. Onun üzərində nə mədəniyyət idarəsi, nə də digər yuxarı təşkilat yoxdur, öz fəaliyyətini kiminləsə razılaşdırmaq və maliyyələşmə əldə etmək zərurəti yoxdur.


4.3. Texniki aspektlər

Vaxt : virtual muzeyin vaxtla öz münasibəti vardır. O uzun illər yaşayıb, inkişaf edə bilər, şəbəkədə nəisə sıradan çıxdıqda bir andaca “bağlana” bilər. Bunun üçün tez-tez azad resurslar istifadə olunur və orada texniki nasazlıqlar halına qarşı “güzgülər” təşkil olunur.
Məkan: bu, virtual muzeyin yeni “reallığının” xeyrinə olan arqumentlərdən biridir. Əvvəla, real muzeydən fərqli olaraq virtual muzey öz strukturunun seçimində azaddır və ekspozisiyanın genişləndirilməsi və yeni sərgilərin açılması halında inkişaf imkanları baxımından rahatdır. İkincisi, virtual muzeyin məkanı real muzey zallarından fərqlənir, o, qarşılıqlı əlaqə və təqdim olunan məlumatın çoxaspektliliyini reallaşdıran hiperlinklərlə zəngindir. Üçüncüsü, fiziki olaraq virtual muzeyin hissələri fərqli resurslarda yerləşdirilə bildiyindən bu “məkan” – paylanmışdır, ən əsası virtual muzey fərqli layihələrin birləşməsini təmsil edə bilər: muzey, sərgi, məlumat və o cümlədən birgə.


Multimedia: virtual muzey layihələrdə məlumat təqdimatının müxtəlif üsullarının istifadəsi və birləşdirilməsinə imkan verir: mətnlər, rəsmlər, şəkillər, audio, video, animasiya və s. Bununla da, virtual muzeyin “yeni reallığını” yaradır.

5. VİRTUAL MUZEYLƏRİN TEMATİKASI

Virtualmuzeylərin real muzeylər üzərindəki sadalanan üstünlüklərinə onların mövzu genişliyini də əlavə etmək olar. Əlbəttə, virtual muzeyin yaradılması üçün seçilmiş mövzu real dünyada məhdud sayda materiala malik ola bilər, ancaq o həcmi ilə deyil, eksponatların orijinallığı və idrak edilməsi baxımından maraqlıdır. “Ucsuz-bucaqsız İnternet məkanında” səyahət edərkən nadir və qeyri-adi mövzulu virtual muzeylərə rast gəlmək olar. Buradakı eksponatların real muzeylər və hətta müvəqqəti sərgilərdə belə çətin ki, nümayiş etdirmək mümkün olardı. İnternetdə aşkarlanan virtual muzeylərdən mövzu baxımından ən nadirlərini qeyd etmək istərdik: “Axmaq muzey”, “Kədər muzeyi”, “Sosializmə qalib gəlmiş ölkələrin reallıqları”, “Doğum travması muzeyi”, Aeroflotun virtual muzeyinin “Qusma paketləri” bölməsi, “Radio və televiziya muzeyi”, “Kibrit etiketləri muzeyi” (filümenistika), “Simon Petlyurun muzeyi”, “Coca-Cola muzeyi”, “Palex miniatür muzeyi”, “Virtual tapıntılar muzeyi”, “Virtual fırıldaqçılıq muzeyi” və s. Virtual muzeylərin əhəmiyyətli hissəsi dünyada, keçmiş SSRİ-də, Rusiyada kompüter texnikası və informasiya texnologiyalarının inkişafına həsr olunmuşdur. Bu mövzu ölkənin bir qayda olaraq, əyalətşünaslıq muzeylərinin fəaliyyət göstərdiyi və elm və texnikanın inkişafına dair heç bir ekspozisiyanın təqdim olunmadığı böyük və kiçik şəhərləri üçün maraqlı və əhəmiyyətli mövzudur. Real muzeydə istənilən müvəqqəti sərginin nümayiş vaxtı məhduddur. Bəzən o başqa şəhərdə və ya başqa ölkədə yerləşir, onu real olaraq ziyarət edib maraqlı mövzu haqqında yeni bir məlumat əldə etmək və ya gözəlliyə tamaşa etmək çətin olur, bu zaman virtual muzey köməyə gəlir.

6. VİRTUAL MUZEYİN TƏHSİL VƏ MAARİFLƏNDİRMƏ FUNKSİYASI

Real muzey kimi virtual muzeyin də vəzifəsi – coğrafi baxımdan muzeylərdən uzaq düşmüş insanlara yaradıcı şəxsiyyət olmaqda və yaşadıqları yerdən asılı olmayaraq öz dəyər sistemlərini formalaşdırmaqda kömək etməkdir. Virtual muzey yalnız məlumatlandırıcı deyil, həm də təhsil funksiyası daşıyır (əlbəttə ki, bunun üçün ən azından evdə və ya tədris siniflərində İnternet çıxışı olan kompüter olmalıdır).
Virtual muzey mövzu genişliyi baxımından yalnız müxtəlif universitetlərin tələbələri üçün deyil, eləcə də orta ixtisas təhsili müəssisələrinin tələbələri, ziyalılar və xüsusən də kənd yerlərinin sakinləri üçün ən yaxşı tədris meydançası ola bilər.
Virtual məkanda elektron kitabxana və virtual muzeylərin hüquqi statusunu nəzərə alaraq, ziyarətçi (istifadəçi) virtual muzeyə “daxil” olmazdan əvvəl muzey yaradıcısının müəllif hüquqlarını qoruyacağına dair öhdəlik götürməlidir. Bu, bütün virtual muzeylərdə razılaşdırılmasa belə, hərçənd nəzərdə tutulmuşdur və hüquqi olaraq İnternetdə müəllif hüquqları həmişə qorunmasa belə VM-in yaradıcısına keçid verilməlidir.
İnternetdə virtual muzeyi ziyarət edərkən əldə olunan bütün bilikləri daşıyıcıya nüsxələməklə özünüzlə “apara”, təəssüratlarınızı isə yeniliklər axtarışında zaman-zaman VM-ə baş çəkməklə yeniləyə bilərsiniz. Beləliklə, virtual muzeydən materialları “götürərək” lazer daşıyıcı vasitəsilə onları tanışlarınıza, qohumlarınıza və dostlarınıza nümayiş etdirə, bununla da VM ziyarətçilərinin sayının artıra bilərsiniz.
Virtual muzeyi ziyarət edərkən virtual ekskursiyadan alınan təəssüratların real ekkursiyadan alınan təəssüratlara adekvat olub-olmaması sualı ortayı çıxır. “Hesab edirsinizmi ki, virtual muzey adi muzeyi əvəz edə bilər?” mövzusunda keçirilmiş sorğudan aşağıdakı nəticələr əldə edilmişdir:


BƏLİ — 25%
XEYR — 61%
ƏMİN DEYİLƏM — 12%
BİLMİRƏM — 2% .


Bu statiska ilk növbədə rəsm əsəsrlərinə həsr olunmuş virtual muzeylərə aiddir. Təbii ki, rəsmləri real muzeydə nəzərdən keçirmək virtual muzeydən yaxşıdır: qavrama fərqli olur (bu rəsmin əsli ilə nüsxəsi arasındakı müqayisəyə bənzəyir). Lakin bu halda VM konkret incəsənət nümunəsinin varlığı haqqında məlumat mənbəyi rolunu oynaya və onun həqiqi variantı ilə tanış olmaq həvəsi yarada bilər.
Dərketmə keyfiyyətinin yaxşılaşdırıması üçün virtual muzey layihələrində obyektlərin animasiya və videogörüntü imkanları istifadə oluna bilər. Ətrafdakı obyektlərlə qarşılıqlı əlaqənin təmin olunması vasitəsilə istifadəçi ilə interfeys yaratmaq olar. Siz real ekskursiya illüziyası yaratmaq üçün stulları hərəkət etdirə, virtual kompüterin ekranını döndərə,seçilmiş eksponat haqqında səsli ismarıclara qulaq asa, müşayiət musiqini işə sala bilərsiniz.
Bir sıra virtual muzeylərdə [3] buranı real muzey kimi modelləşdirmək təklif olunur, məsələn: VM gəzinti imkanı verən gölün və meşə talalarının fonunda yerləşir. Muzeyin girişinin qarşısında virtual reklam lövhəsinin olduğu meydança yerləşir, girişdə müraciət etdiyiniz təqdirdə sizi istiqamətləndirəcək virtual mühafizəçi vardır.
Muzeyə giriş “mouse” vasitəsilə qapıya klikləməklə baş verir, buradan ziyarətçi zalı açılır. Vizual baxış zamanı virtual dünyanın vizual və səs müşayiəti texnologiyasından istifadə etməklə hər bir eksponata aid səs müşayiətini dinləmək mümkündür. Zalın sonunda digər zala qapı vardır, panorama görüntüsünü seçməklə pəncərədən baxmaq olar. Bu zaman muzeydən çıxmaqla virtual gəzinti imkanı verən fontan, çiçəklik, göl, ağaclardan ibarət təbiət landşaftı açılır. Bu vasitələrlə virtual və real dünyalar yaxınlaşır və virtual reallığın dərk edilməsi yaxşılaşır.
Virtual muzeylərin müqayisəsi üçün resursların reytinqinin qiymətləndirilməsi üzrə aşağıdakı əmsallar və onların hesablanma metodikası işlənib hazırlanmışdır:


1— ZS — ziyarət sayı
2— SS — sitat sayı
3— MƏG — mövzunun əhatə genişliyi
4 — MK — məlumatın keyfiyyəti
5 — MTK — məlumat təminatının keyfiyyəti


Nəticə

Yuxarıda qeyd olunanları ümumiləşdirirək demək olar ki, virtual muzey özündə şəbəkədə yerləşən virtual mədəni-məlumat mühitinin komponentini təcəssüm etdirir və bir qayda olaraq, real olaraq fəaliyyət göstərən muzeylərdə əks olunmayan müxtəlif məlumatları (mətn, qrafik, səs, video, animasiya və digər formatlar) müəyyən mövzu üzrə toplamaq, cəmləşdirmək və vahid olaraq birləşdirmək imkanı verir.Virtual muzeylərin cavab verməli olduğu əsas meyarlar:
1) virtual ekspozisiyanın tarix, dövr haqqında qərəzli təsəvvürə səbəb ola biləcək faktların təhrif edilməsini istisna edən reprezentativliyi və məzmunluluğu;
2) təqdim olunan məlumatların müxtəlif peşə, yaş və təhsil kateqoriyalarından olan istifadəçilərə uyğun şəkildə rəngarəngliyi;
3) intuativ aydın və səmimi istifadəçi interfeysi.

Bu meyarlar həmçinin, yaxşı bələdçinin səmimi interfeys əvəzinə çıxış edə biləcəyi real muzeylərə də şamil olunur.
Beləliklə, “virtual muzey abidə deyil, hər bir insana yeni bilik, təcrübə, ifadə bölgələrinə açıq giriş imkanı verən kommunikativ mənbədir”[6]. Bu zaman real muzeylərin İnternetdəki nümayəndəliklərini yaddan çıxarmaq olmaz, çünki onlar virtual olaraq bir məqsədə qulluq edir: xalqların maarifləndirilməsi və biliklərinin zənginləşdirilməsi.
Müəllif müzakirə olunan mövzu üzrə istənilən konstruktiv tənqidi şərhləri və təklifləri minnətdarlıqla qəbul edəcəkdir.


ƏDƏBİYYAT SİYAHISI

СПИСОК ЛИТЕРАТУРЫ

1. Словарь иностранных слов. — М: Советская энциклопедия, 1964.
2. Кононыхин Н. Музеи в Интернет и виртуальные музеи. — http://www.russ.ru/
3. http://www.marstu.mari.ru8101
4. Поваляев Е. Виртуальные музеи в Интернет // КомпьютерПресс. — 2000. —
№ 9. — http://www.compress.ru
5. Касьянов В.Н., Несговорова Г.П., Волянская Т.А. Виртуальный музей истории информатики в Сибири // Современные проблемы конструирования программ. — Новосибирск, 2002. — С. 169–181.
6. Могилевская Т. Искусство в Интернете. Динамика в России // Взгляд с Востока. — М: MediArtLab, 2000. — С. 214–217.


Hüseynov Ağamusa
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təlim-tədris şöbəsinin tədris proqramlarının sektorunun əməkdaşı.

ELMİ ARAŞDIRMA

SON XƏBƏRLƏR