Brüssel görüşü başa çatdı və Bakı Avropa masasından da qalib ayrıldı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşün yekunu ilə bağlı səsləndirdiyi bəyanat bunu açıq şəkildə göstərir.
Bəyanatda mühüm məqamlar var, xüsusilə münaqişənin bitdiyi mövqeyinin qəbul edilməsi və postmünaqişə dövrünə dair çağırışlar baxımından.
Birincisi, Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib: bununla Aİ Azərbaycanın mövqeyini təkrarlayır, Bakının dediyi kimi, münaqişənin keçmişdə qaldığını və gələcəyə baxmağın zəruri olduğunu vurğulayır.
İkincisi, bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir: Aİ bununla Azərbaycanın təklif etdiyi sülh müqaviləsini dəstəkləmiş oldu;
Üçüncüsü, Şarl Mişel 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib və bu da, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür, xüsusilə bu bəyanatların postmünaqişə dövrü ilə bağlı olması baxımında.
Dördüncüsü, bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub: bu, olduqca vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil;
Beşincisi, bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir: bu o deməkdir ki, Aİ tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə dəstək veriləcək;
Altıncısı, Aİ Şurası Prezidentinin bəyanatında münaqişədən əziyyət çəkən insanlara, xüsusilə rebilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunub: bu da olduqca müsbət məqamdır, çünki bu, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Aİ tərəfindən dəstək veriləcəyi deməkdir;
Yeddincisi, Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub;
Səkkizincisi, bəyanatda Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Aİ-nin dəstəyi ifadə olunur və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.
Doqquzuncusu, Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Və hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib.
Onuncusu, dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub: bu, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb.
Və ən mühüm məqam bəyanatda bir dəfə də olsun ATƏT-in Minsk Qqrupunun adının çəkilməməsidir. Qərbdə Minsk qrupu formatının dirildilməsi və bunun üzərindən “münaqişənin həll edilmədiyi” iddiasının irəli sürülməsi meylləri var. Avropa İttifaqının sərgilədiyi mövqe Minsk qrupu formatının Avropa masasında da qəbul edilmədiyini deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin vasitəçiliyi ilə həm də Minsk qrupu formatının qaytarılması cəhdlərinin qarşısını alır.
Nəticələr Bakının Brüssel görüşündən qalib ayrıldığını deməyə əsas verir.


















