Bərdədə əzrayılın pəncəsinə buraxılmış tənha qadının fəryadı: “Cənab nazir, yalvarıram...”

Bərdədə əzrayılın pəncəsinə buraxılmış tənha qadının fəryadı: “Cənab nazir, yalvarıram...”
Bu səssiz-səmirsiz, qapısı çöldən bağlanmış, soyuq divarları adamın üstünə gələn yerdə cəmi bir nəfər yaşayır. Tək-tənha, xəstə yatağında buraxılmış kimsəsiz qadına heç kim sahib çıxmır.

Cahan.info-nun verdiyi məlumata görə, Bərdənin Kələntərli icra nümayəndliyi yaxınlığındakı istifadəsiz tikilidə məskunlaşmış Tünzalə Kərimova Məmməd qızı ümidi itirib, ölümünü gözləməkdədir.

Jurnalist Xəyyam Salmanzadə onun yaşadığı yerdən çəkiliş edib və kadrlar olduqca ürək ağrıdan bir mənzərəni ortaya qoyub.

T.Kərimovanın nə övladları, nə bacı-qardaşı, nə bir yaxını var. O, eləcə tənha şəkildə ömrünün son günlərini yaşamağa məhkum edilib.

Ayda cəmi 61 manat pensiya alan ahıl qadına köməklik göstərən yoxdur. Qapısı çöldən bağlanmış tikiliyə təsadüfən kimsənin girib onunla maraqlanması inandırıcı deyil.

Çünki Tünzalə Kərimova icra nümayəndəliyinin düz ağzında xəstə şəkildə buraxılıb. Onun sözlərinə görə, aldığı pensiya nə yeməyə, nə dərmana çatır:

“Sosial müavinət də ayırmayıblar, bala. İcra başçısı 100 manat söz verdi, onu da görmədim. Baş həkim Rəna Mustafayevaya tapşırdı, o da köməklik göstərmədi.

İndi məni burdan da çıxarırlar. Heç bilmirəm ki, harda qalacam. Bərdənin parklarında, çöllərində gecələməkdən başqa yerim yoxdur. Gözümü prezidentə dikmişəm”.

T.Kərimova əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən sosial yardım alması üçün tapşırıq verməsini xahiş edir. Tənha və xəstə qadın fiziki cəhətdən işləmək qabiliyyətini itirib.