4 oğlu əsgər olan köçkünün günü: “Qaçqınkom” sədrinə yalvarıram...” - Video

4 oğlu əsgər olan köçkünün günü: “Qaçqınkom” sədrinə yalvarıram...” - Video
Laçının Şeylanlı kənd sakini Allahverdi Əmralıyevin evindən reportaj hazırlanıb

“Salmanzadə TV” Bərdənin qum-çınqıl karxanasının ərazisindəki komaya sığınan köçkün ailəsinin ürəkparçalayan şəraitindən süjet təqdi medib.

Cahan.info xəbər verir ki, 1993-cü ilin noyabrından burada yaşayan qaçqın ailəsi evlə təmin edilmir. A.Əmralıyev 2-ci qrup əlildir, işləmir, yoldaşı xəstədir. Beş övladı var. Dörd oğlan və bir qız böyüdüb.

Hazırda 4 oğulun hər biri əsgərlikdədir, vətənə xidmət edir. Ancaq vətənə 4 əsgər yetişdirən laçınlı qaçqın nəmişlik, həşəratlar basmış, tavanı, döşəməsi çökmüş, xəstəlik saçan bir yerdə yaşamağa məhkum olub.

Onun sözlərinə görə, döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmayıb: “Amma məxburi köçkün ailəsi kimi məni evlə təmin etmirlər. 5 uşağım var, ailədə 7 nəfərik. Bizim günümüzə baxın. Görün hansı şəraitdə yaşayarıq.

Bu qışı çox acınacaqlı keçirdik. Pəncərələr “klyonka” ilə bağlanıb, yağış evə dolur. Beton yerdə yaşayırıq, nəmişlikdir, yer palçıqdır.

Bu vəziyyətdə 5 uşaq böyütmüşəm, 4-ü əsgərdir. Mənim balalarım çox çətin şəraitdə yaşayır. Özüm üçün heç nə istəmirəm, bizdən keçib, heç olmasa dövlət gələcəyimizə köməklik göstərsin.

Mən bu beş gəncin yaşamasını istəyirəm. Pulumu onların təhsilinə verirəm ki, işsiz-gücsüz qalmasınlar. Mən cənab prezidentin və Mehriban xanımın köməyini gözləyirəm”.

A.Əmralıyev ayda 180 manat əlillik pensiyası alırdı, artımdan sonra bir az çox veriləcək, bir də qaçqın pulu alır. Ondan başqa gəlir yeri də yoxdur. Laçın və Bərdə icra hakimiyyətlərinə müraciət eləyib:

“Bərdə guya yardım verdi, heç nəyə yaramadı. Bu gündə geyimi kim geyinər? Bir də evin damını düzəltmək üçün kömək olundu, onu da gedib gətirməyə xərc çəkmək elə həmin pulun məndən çıxmağı demək idi.

Mən dövlətimizə, prezidentimizə, “Qaçqınkom” sədri Rövşən müəllimə yalvarıram ki, burda 4 oğlan, bir qız məhv olub gedirlər, onlara kömək edin, bizi normal mənzillə təmin eləyin”.

Laçınlı köçkün komitə tərəfindən mənzillə təmin olunmalıdır. Dövlət qaçqınlara yeni evlər tikir, qayğı göstərir. Ancaq məmurların laqeydliyi bu ailəni acınacaqlı vəziyyətə salıb.

Laçının bivec, heç kəsin yanan barmağına su tökməyən icra başçısı Aqil Nəzərli, Bərdənin ondan geri qalmayan başçısı Vidadi İsayev, 180 minlik maşında gəzən “Qaçqınkom” sədri insanların bu şəraiti ilə tanış olmalı, tapşırıq verməlidirlər.

Bunu biz demirik, video fakt göz qabağındadır. Prezident onları bu vəzifələrə təyin etməyib ki, dövlətin büdcəsi talansın, vətəndaşlar problemlər girdabında boğulsun.

Ölkə başçısının fəaliyyətindən, vətəndaşlarla təmasından dərs çıxarmaq əvəzinə müraciətləri qulardı edirlər, insanları qapıdan qovurlar, süründürürlər.

Görəsən, özləri 5 uşaqla bu dəhşətli yerdə yaşaya bilərlər? Niyə torpağı erməni işğalında olan bu insanların həyatı burda da məhv olmalıdır?

Video süjetin sonunda müstəqil jurnalist, şəhid qardaşı olan Xəyyam Salmanzadə “Qaçqınkom” sədri Rövşən Rzayevdən, ölkə rəhbərliyindən bu ailəyə köməklik göstərilməsini xahiş edib.