Çovdarovla adı keçən “Ağ Göl” direktoru yeni nazirə qarşı - Sensasion dosye...

Çovdarovla adı keçən “Ağ Göl” direktoru yeni nazirə qarşı - Sensasion dosye...
Keçmiş deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edildikdən bəri səhv etməməyə, reputasiyasını kristal saxlamağa çalışır.

Hələ ki adı neqativ işlərdə, sabiq nazir Hüseynqulu Bağırov kimi müxtəlif qanunsuzluqlarda çəkilməyib. Nazir özünü prezidentə yaxşı göstərməyə, işləməyə cəhd edir.

Cahan.info-nun xəbərinə görə, nazirin həyata keçirdiyi islahatlar bəzilərinin ürəyincə olmur. Onlar H.Bağırovun dövründən qalan və köhnə sistemlə işləmək istəyənlərdir.

Həmin məmurlar dirəniş göstərməyə, nazirin islahatlarına qarşı getməyə başlayıblar. İctimaiyyətin isə gözləntisi M.Babayevin bu sahədə bütün problemləri aradan qaldıracağıdır.

Bu problemlər sırasında Milli Parklar və qoruqlarda nizam-intizamın yaradılması prioritet məsələlərdəndir. Sabiq nazirə bağlı məmurlar heç bir qanun tanımayaraq, vəzifələrindən sui-istifadə edərək təbiəti məhv edirdilər.

Yeni nazir M.Babayev apardığı islahatlar çərçivəsində Regional Ekologiya idarələrinə bir çox səlahiyyətlər verməklə təbiəti məhv edənlərin böyük bir hissəsinin qarşısını almağa nail oldu.

Son aylar qanunsuz quş və müxtəlif heyvanların ovu ilə məşğul olan yüzlərlə şəxs cərimələnib, onlara qarşı hüququ müstəvidə işlər görülüb. Amma bu da yetərli deyil.

Çünki M.Babayevin siyasətinə zidd gedən və H.Bağırov kursunda qalan məmurlar var. Onlardan biri “Ağ Göl” Milli Parkının direktoru Loğman Mehdiyevdir. Bu barədə miq.az yazıb.

Saytın verdiyi informasiyada deyilir ki, L.Mehdiyev bu gedişlə keçmiş nazirin taleyini yaşamalı olacaq. Çünki onun əməllərinə nə yeni nazirin səbr göstərmək həvəsi var, nə də ölkədə gedən ümumi siyasət buna imkan verəcək.

Bağırov dönəmində “Ağ Göl” Milli Parkının direktoru qanunsuz balıq və müxtəlif heyvanların ovlanmasına şərait yaradırdı. M.Babayevin gəlişi L.Mehdiyevin “qanını qaraldıb”.

Direktor köhnə işlərini davam etdirməkdə ittiham olunur. L.Mehdiyevin nazirlikdən xəbərsiz gizli qanunsuzluqlara yol verməyə çalışdığı iddia edilir.

Sayt yazır ki, L.Mehdiyev qanunsuz balıq tutulmasına və heyvan ovlanmasına qısa fasilə vermişdi. Səbəb nazirliyin 9 saylı Regional Ekologiya İdarəsi imiş.

Cahan.info mediaya istinadla xəbər verir ki, bu idarənin müfəttişləri “Ağ Göl” Milli Parkında qanunsuz balıq tutan və ov edən şəxsləri yaxalayaraq cərimələr tətbiq ediblər.

Buna görə L.Mehdiyevin bazarı ölüb. İddialara görə, bu gedişat onu narahat etməyə başlayıb və 9 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Hacıyevlə “dil tapıb”.

Hazırda deyilənə görə, “Ağ Göl” Milli Parkında yenidən qanunsuz balıq ovu bərpa edilib. Bərdə, Ağcabədi, Beyləqan və İmişli rayonlarında olan brokonyerlər balıq ovlamaqla məşğuldurlar.

Ancaq brokonyerlərin aylıq hesabının məbləği qaldırılıb. Aylıq qiymətin 600-800 manat arası dəyişdiyi söylənir.

Qiymətin qalxmasına səbəb brokonyerlərdən alınan aylığı L.Mehdiyevin M.Hacıyevlə bölüşməli olması iddialarıdır. M.Hacıyev qanunsuz balıq ovuna göz yumur, nazirliyə L.Mehdiyev barəsində məruzə olunmur, ört-basdır siyasəti nəticəsində qazanc əldə edilir.

Nəticədə M.Babayevin gördüyü işlərə kölgə salınır, təbiətin məhvinə davam edilir. Hər gün ən azı 30-40 brokonyer Milli Parka daxil olur və ovlanan balıqlar rayonların bazarlarına daşınır.

Bir müddət əvəvl nazirin direktoru vəzifəsindən azad etməsi, son anda isə əmri geri oxuması barədə xəbər yayılmışdı. Nazirliyin sabiq aparat rəhbəri Rövşən Cəlilovun gedişindən sonra himayəçi axtarışına çıxan L.Mehdiyev tezliklə istəyinə müvəffəq olub.

İddialar səslənir ki, nazir M.Babayevə yaxın və hörmətli bir şəxs L.Mehdiyevi qanadı altına alıb, onu qorumaqdadır. Nazirin məsələdən xəbəri olub-olmadığı bilinmir.

Mediada yayılmış iddialara görə, L.Mehdiyev “Ağ Göl”ün boş sahələrini gizli olaraq müxtəlif təsərrüfat sahiblərinə icarəyə verib, mal-qara otarılmasına şərait yaradıb.

Azerinews.org saytı o zaman yazmışdı ki, “Ağ Göl” direktoru həbs həyatı yaşayan MTN generalı Akif Çovdarovla yaxın imiş. Mehdiyev dəfələrlə Çovdarovla görüşüb, qanunla ovlanması qadağan edilən heyvanlardan ona pay göndərirmiş.

Bütün bu fakt, iddia və dosye göstərir ki, M.Babayev bir nazir kimi qalmaqallı, adı müxtəlif işlərə qarışmış kadrla işləmək istəməyəcək.

Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.