“Diqlas” yanıb, yoxsa yandırılıb?

“Diqlas” yanıb, yoxsa yandırılıb?
Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzinin bir neçə saat içərisində yanaraq külə dönməsi iki gündür əsas müzakirə mövzusudur.

Yanğından sonra səslənən suallardan biri də budur: “Yandırdılar, yoxsa özü yandı?”

Bu sualın yaranması üçün isə, əlbəttə ki, əsas var: “Diqlas” kimi iri ticarət mərkəzində bu kimi hallara qarşı yanğından mühafizə sistemi mövcud olmalı idi. Niyə olmayıb? Olubsa, yanğın niyə lokallaşdırıla bilməyib?

Yox, əgər binada yanğından mühafizə sistemi düzgün tərtib edilməmişdisə, obyektin fəaliyyətinə necə icazə verilib?

Ümumilikdə obyektlərdə yanğından mühafizə sisteminin təşkili necə aparılmalıdır?

Oxu.Az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edib.

Ekspert deyib ki, binanın yanğından mühafizə sistemi mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yoxlanılmalı idi:

“İnsanların kütləvi şəkildə çalışdığı obyektlərdə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi mütəmadi olaraq bu sistemləri yoxlamalı və sahibkara məlumat verməlidir.

Yoxlama zamanı zəif və risk doğura biləcək məqamlar zamanında aşkarlanarsa, baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə tədbirlər görmək mümkündür.

Çox güman ki, burada həmin məqama diqqət edilməyib. Səhlənkarlıq edilib. Ümumiyyətlə, FHN nümayəndələri təkcə böyük ticarət mərkəzlərinə deyil, ən kiçik obyektlərə belə məcburi şəkildə özünün təhlükəsizlik qaydalarına müvafiq olan zəruri avadanlıqları yerləşdirməlidir.

Düşünürəm ki, ehtiyatsızlıq və nəzarətsizlik səbəbindən “Diqlas”da yanğın baş verib və sürətlə binaya yayılıb”.

Ekspert əlavə edib ki, hadisə baş verirsə, orada iki məqam diqqətdə saxlanılır:

“Yanğının baş vermə səbəbi ya dediyimiz kimi ehtiyatsızlıqdır, ya da bunu kimsə qəsdən törədib.

Çünki yanğının söndürülmə prosesi də kifayət qədər uzun çəkdi. Bu da cəmiyyətdə FHN əməkdaşlarının qeyri-peşəkar olmaları istiqamətində fikrin yaranmasına səbəb oldu.

Amma bütün hallarda bu məsələnin yekun nəticəsi və əsas səbəbi, təbii ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırmanın yekun nəticələri açıqlandığı zaman bəlli olacaq”.

Məsələyə özünəməxsus üslubda bloger Mehman Hüseynov da münasibət bildirib.

Mehman Hüseynov özünün feysbuk səhifəsində bunları yazıb:

“Ə bə deyirdilər FHN-in səyi nəticəsində yanğın söndürülüb? Utanmırlar da deyirəm. Bəli. Ticarət mərkəzi tam yanıb külə döndükdən sonra söndürülüb. FHN sağolsun sadəcə yanğını dahada sürətlənməsinə kömək edib. Bugün hadisə yerində idim, mağaza sahibləri, hadisənin şahidləri birmənalı bildirirlər ki bu işdə FHN yanğını söndürmək marağında deyil idi. Maraqları və istəkləri bəlli idi, çünki yanğının qarşısı alınmadı. Yanğın söndürən maşınların bəziləri susuz gəlmişdi, helikopterlər suyu başqa yerə boşaldırdı. Ölkədə hansısa məmurlar öz aralarında davaya girib, bir biriləri ilə qızğın mübarizə aparırlar, bir birilərini didirlər, nəticədə isə sadə vətəndaşlar əziyyət çəkir……

Bu iş bilərəkdən olunub, bu iş təsadufi işə heç oxşamır. Bu ölkədə ümumiuyətlə təsadüfi heçnə olmur. İnsanlara qarşı haqsızlıq edən, vətəndaşları incidib onlardan pul qopardan, haram yollar ilə pul əldə edən hər bir məmur bilməlidir ki nəticədə bax bütün o pullarınız beləcə yanıb külə dönəcək. Amma bu işin pis tərəfi odur ki, əziyyəti sadə insanlar çəkir. Tarix onu göstərir ki, həmişə oliqarxların davasında ziyan görən, əziyyət çəkən adi vətəndaşlar, sıravi insanlar olur”.//basta2.com