Sumqayıtda həkim baş həkimi otağında bıçaqladı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Sumqayıtda həkim baş həkimi otağında bıçaqladı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Avqustun 5-də Sumqayıt şəhərində yerləşən "Summodern Dental" klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Ictimaixeber.com bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsi və prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

----------
12:10

Ötən gün Sumqayıt şəhərində yerləşən özəl klinikalardan birində bıçaqlanma hadisəsi baş verib.

Ictimaixeber.com publika.az-a istinadən xəbər verir ki, axşam saatlarında Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 163A (Göyərçin abidəsi ilə üzbə-üz) ünvanında yerləşən "Sum Modern Dental Clinic"də həkim işləyən Pərviz İbrahimov klinikanın baş həkimi Şahin Baxşəliyevə bıçaqla hücum edib. P.İbrahimov baş həkimin otağına daxil olaraq ona çoxsaylı zərbələr endirib.

Ş.Baxşəliyev ağır vəziyyətdə başqa xəstəxanaya çatdırılıb və orada əməliyyat edilib. Onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən həkim artıq saxlanılıb. O, baş həkimi işlətdiyi ağır ifadələrə görə bıçaqladığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ictimaixeber.com