Bakıda üç tələbənin faciəvi ölümü

sosial sebeke

Gecə Bakıda üç əcnəbi qız kirayə qaldıqları evdə baş verən yanğın zamanı ölüblər.

İctimaixeber.com bildirir ki, onların meytləri ərziyə gələn yanğınsöndürənlər tərəfindən aşkar edilib. Hadisə ilə bağlı cinayət işi başlanıb. Məlumata görə, ölən şəxslərdən ikisi tələbə olub. Məsələyə Xarici Işlər Nazirliyi də münasibət bildirib.

Evin yanması üç əcnəbi qızın ölümünə səbəb olub.

Hadisə gecə saatlarında paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində baş verib. Yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib. Amma qatı tüstü Şri-Lanka vətəndaşı olan 3 qızın xilas edilməsinə imkan verməyib.

Məlumata görə, ölənlər 23 yaşlı Tarukki Amaya, 25 yaşlı Tausi Jayavodi və 21 yaşlı Malişi Tayukidir. Şri-Lanka vətəndaşları olan qızların ikisi Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. qonşuların sözlərinə görə, hadisə elektrik qısaqapanması nəticəsində baş verib.

Hadisədən sonra polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin yanğınsöndürənlər araşdırma aparıblar. Yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Üç əcnəbinin tüstüdən boğularaq ölməsi ilə bağlı Baş Prokurorluq tərəfindən Xarici İşlər Nazirliyinə məktub daxil olub. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva ''Xəzər Xəbər''ə bildirdi ki, ''Şri-Lankanın Tehrandakı səfirliyinin ölkəmiz ilə münasibətlərə məsul olduğunu nəzərə alaraq, tərəfimizdən hadisə ilə bağlı sözügedən diplomatik nümayəndəliyin məlumatlandırılması barədə ölkəmizin İrandakı səfirliyinə təlimat göndərilib''. Meytlərin öz ölkələrinə göndərilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək- deyə Leyla Abdullayeva bildirib.

SON XƏBƏRLƏR