Aşağı sürət Ələt-Astara yolunda 3 nəfərin ölümünə səbəb olub - TƏFƏRRÜAT

Aşağı sürət Ələt-Astara yolunda 3 nəfərin ölümünə səbəb olub - TƏFƏRRÜAT

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 3-də Ələt-Astara yolunda 3 nəfərin öldüyü qəza barədə məlumat yayıb.

"Ictimaixeber.com" xəbər verir ki, iyulun 3-də Ələt-Astara yolunun 70-ci kilometrliyində Rusiya Federasiyası vətəndaşı U.Kərimovun idarə etdiyi "Volvo" markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Məhərrəm Balaxan oğlu Fərziyevin idarə etdiyi "VAZ-21051" markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-21051" markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini dünyasını dəyişib.


“İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və "VAZ-21051" markalı avtomobilin sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməsidir”, - deyə qeyd olunur.

Məlumatda bildirilir ki, "VAZ-21051" markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən təhlükəsizlik avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir.

"Bir daha bütün sürücülərdən yollarda diqqətli olmaları, sürət həddi yüksək olan yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməmələri, texniki tələblərə cavab verməyən avtomobillərlə magistral yola çıxaraq həm özləri həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamaları, xüsusən yay aylarında görünüşü məhdudlaşdıran örtüklərdən istifadə edərək görüş dairələrini məhdudlaşdırmamaları xahiş olunur", - deyə məlumatda qeyd olunur.