Vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub

Vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulubVergilər Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən vergi xidməti əməkdaşları arasında 14-cü ənənəvi şahmat turnirinə yekun vurulub.

Nazirliyin Media və kommunikasiya xidmətindən AZƏRTAC-a bildirilib ki, 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Ramil Abbasov turnirin qalibi olub. Çağrı Mərkəzi Departamentinin əməkdaşı Mahmud İbrahimov 2-ci, Tədris Mərkəzinin əməkdaşı İmran Qarayev isə 3-cü yeri tutub.

Turnirin bağlanış mərasimində çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirərək, onu vergi orqanı əməkdaşlarının intellektual potensialının nümayiş etdirilməsi baxımından müsbət dəyərləndirib və mükafata layiq görülən əməkdaşları təbrik edib.

Sonda turnirin qalibləri mükafatlandırılıblar.

Olimpiya sistemi üzrə keçirilən yarış xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.