SOCAR ilə BP “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblar

SOCAR ilə BP “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblarAprelin 19-da SOCAR və BP Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində “Azəri Mərkəzi Şərqi layihəsi üzrə investisiya qərarı imzalayıblar.

AZƏRTAC xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar.

Layihənin dəyəri 6 milyard dollardır. Gündəlik hasilat gücü 100 min barrel olan yeni platforma 2023-cü ildə istifadəyə veriləcək.

Qeyd edək ki, layihə üzrə quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin cari qrafikə əsasən 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir. İlkin hasilat quraşdırma, qabaqlayıcı quyuların birləşdirilməsi və işəsalma işləri tamamlandıqdan sonra 2023-cü ildə proqnozlaşdırılır.

“Azəri Mərkəzi Şərqi” layihəsi AÇG müqavilə ərazisində işlənmənin növbəti mərhələsini təşkil edir. Layihə suyun təxminən 137 metr dərinliyində, "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, 3 yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, "Şərqi Azəri" platformasından "Mərkəzi-Şərqi Azəri" platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarətdir.

Platformanın üst modulunun və dayaq blokunun inşa olunacağı potensial tikinti-quraşdırma meydançalarına bundan əvvəlki AÇG işlənməsi fazalarında istifadə edilmiş Bakı dərin özülləri zavodu (BDÖZ) və Bayıl (keçmişdə "Amec-Tekfen-Azfen" (ATA) sahəsi kimi tanınan) sahələri daxildir.