Paytaxt sakinlərinə avtomobilləri üçün pulsuz parklanma talonu veriləcək

Paytaxt sakinlərinə avtomobilləri üçün pulsuz parklanma talonu veriləcəkYol kənarında yerləşən binaların sakinlərinə avtomobilləri üçün pulsuz parklanma talonu veriləcək.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nı təsdiqləyib.

Bu Qayda fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edir.

Qaydada göstərilib ki, yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparır. Parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalardır. Pulsuz parklanma yerinin ayrılması təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılmasıdır. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən fərdi parklanma talonu verilir.