Azərbaycanda “EU4Digital” proqramının təqdimatı keçirilib

Azərbaycanda “EU4Digital” proqramının təqdimatı keçirilibÖlkəmizdə ilk dəfə keçirilən “İnnovasiya Festivalı” çərçivəsində mayın 31-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Ernst&Young” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda “EU4Digital” proqramının təqdimatı baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti proqramın əsas məqsədinin Aİ-nin vahid rəqəmsal bazar üzrə faydalarını "Şərq tərəfdaşlığı" ölkələrinə çatdırmaq olduğunu deyib.

Bildirib ki, bu proqram sosial və iqtisadi inkişaf üçün böyük potensiala malikdir: "Xüsusilə də, yeni iş yerlərinin yaradılması və artırılması üçün. Rəqəmsal bazarların uyğunlaşdırılması onlayn xidmətlərin daha münasib qiymətə və geniş seçimlə göstərilməsinə səbəb olacaq".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib: "Proqramın ölkəmizdə reallaşdırılması bizim uğurumuzdur".

Rəqəmli iqtisadiyyatın formalaşdırılması və inkişafında “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsünü yüksək qiymətləndirən nazir müavini bildirib ki, ölkəmiz HDM təşəbbüsü çərçivəsində həyata keçirilən istiqamətlərdə fəal iştirak edir.

Sonra "Ernst&Young" şirkətinin nümayəndəsi, "EU4Digital" layihəsinin komanda rəhbəri Arturas Piliponis proqrama dair təqdimatla çıxış edib.

Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətləri üzrə çıxışlar və müzakirələrlə davam edib. Həmçinin tədbirdə Azərbaycanda rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.