Yükdaşıma xidmətlərində aylıq sadələşdirilmiş vergi avtomobilin yükgötürmə qabiliyyətinə görə hesablanır

sosial sebeke

Yükdaşıma xidmətlərində aylıq sadələşdirilmiş vergi avtomobilin yükgötürmə qabiliyyətinə görə hesablanır"Fərqlənmə nişanı" almaqla avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma xidmətlərini həyata keçirən vergiödəyiciləri üçün aylıq sadələşdirilmiş vergi avtomobilin yükgötürmə qabiliyyətinə uyğun şəkildə hesablanır.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, belə xidmətlər üzrə sadələşdirilmiş verginin aylıq məbləği hər ton üçün 1 manatdır. Həmçinin Vergi Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, yük daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, yükdaşıyan vergiödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2;

• Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) - 1,5;

• Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) - 1.

Avtomobil nəqliyyatı vasitələrinin yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir. Yükgötürmə qabiliyyəti qeydiyyat şəhadətnaməsində göstərilmədiyi halda, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir.

Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi həmin ay onların fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə və ya icarə müqaviləsi ilə idarə edən şəxs məsuliyyət daşıyır. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergiödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

SON XƏBƏRLƏR