İyunun 5 –də Ramazan bayramı münasibətilə Bakının Nizami rayonunun Qara Qarayev prospekti, 36A ünvanında “Kənddən şəhərə” yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkaya respublikanın müxtəlif rayonlarından gəlmiş fermerlər özlərinin istehsal etdikləri məhsulları satışa çıxarıblar. Burada alıcılara mal, qoyun və quş əti, süd və süd məhsulları, bal, meyvə, qoz, fındıq və şabalıd, soğan, kartof və digər məhsullar bazar qiymətlərindən təqribən 20-30 faiz ucuz təklif olunur.
Yarmarkaya Göyçay rayonundan gəlmiş Abdul Seyfəddinov AZƏRTAC-a müsahibəsində fermerlər üçün yaradılan şəraitə görə dövlətimizin başçına minnətdarlığını bildirib. Fermer alıcılara təklif etdiyi kənd təsərrüfatı məhsullarını öz sahəsində əkib-becərdiyini, ona görə də qiymətin aşağı olduğunu deyib. O vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən bu cür yarmarkalar həm alıcılar, həm də fermerlər üçün sərfəlidir.
Yarmarkada sakinlər ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edirlər. Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun yarmarka ərazisində səyyar laboratoriyaları satışa çıxarılan bütün məhsulların yoxlanışını həyata keçirib.
Bu cür yarmarkaların təşkilində əsas məqsəd qiymət artımının qarşısının alınması və sosial vəziyyəti aşağı olan vətəndaşların zəruri kənd təsərrüfatı məhsulları ilə təmin edilməsidir.
Yarmarka iyunun 6-dək davam edəcək.
Ramazan bayramı münasibətilə Bakının Nizami rayonunda “Kənddən şəhərə” yarmarkası təşkil edilib
sosial sebeke

















