Bakıda Ümumdünya Gömrük Təşkilatının “Məlumat modeli” adlı regional seminarı işə başlayıb

Bakıda Ümumdünya Gömrük Təşkilatının “Məlumat modeli” adlı regional seminarı işə başlayıbİyunun 10-da Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "Məlumat modeli" adlı regional seminarı öz işinə başlayıb. Seminarda 17 ölkədən ekspert və nümayəndələr iştirak edir.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev seminarın Azərbaycanda təşkil edilməsinin xüsusi önəmindən söhbət açıb. Qeyd edilib ki, seminarın keçirilməsində əsas məqsəd məlumatların paylaşılması üçün dünyada vahid standart, çərçivə yaratmaqdır. Dünyadakı rəqəmsal kəmərdə standart format yaratmaq lazımdır ki, ötürülən məlumatlar bütün dünya üçün başa düşülən olsun. Seminarda müxtəlif ölkələrin öz təcrübələrini bölüşəcəyini deyən komitə sədrinin müavini vurğulayıb ki, Şərqi Avropa və Asiya ölkələri bu sistemin yaradılmasında olduqca maraqlıdırlar.

Daha sonra ÜGT-nin nümayəndələri Tejo Kusuma və Milena Budimirovic çıxış edərək seminarın məqsədi, Ümumdünya Gömrük Təşkilatının Məlumat modelinin qəbul edilməsi və görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.

Seminarda ÜGT Məlumat modelinin qəbul edilməsinin strateji faydaları, gömrüklə bağlı qlobal gündəlik və məlumatların uyğunlaşdırılması, standartlaşmanın zəruriliyi barədə məlumatlandırma, smart sərhədlərin təmin edilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Seminar iyunun 11-dək davam edəcək.