“Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinə dair müzakirələr aparılıb

“Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinə dair müzakirələr aparılıbEnerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun dördüncü görüşü keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupunun iştirakı ilə “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinin hazırlanması prosesinə dair təqdimatlar edilib.

İclasda qanun layihəsi ilə bağlı rəy və təkliflər dinlənilib. Yerli və əcnəbi ekspertlərin iştirak etdikləri müzakirələrdə müvafiq təcrübə üzrə fikir mübadiləsi aparılıb, qanunvericilikdə dəyişikliklərin və zəruri ikinci dərəcəli qanunvericiliyin əsas istiqamətlərinin təqdimatı keçirilib. “Nəticələr və gələcəyə baxış” adlanan son sessiya zamanı məsləhətləşmə prosesi üçün İş Planına dair yekun müzakirələr keçirilib.

Xatırladaq ki, Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupu “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış enerji üzrə tənzimləyici orqanın fəaliyyəti üzrə tələb olunan hüquqi və institusional islahatların hazırlanması və tətbiqi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində işlərin həyata keçirilməsi məqsədilə yaradılıb. “DNV GL” şirkətinin icraçısı olduğu layihə “Energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanununun işlənib-hazırlanmasını nəzərdə tutur.