Rövnəq Abdullayevin əsas adamı həbs edildi

Rövnəq Abdullayevin əsas adamı həbs edildi
Bir müddət öncə kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı məlumatlar yayılmışdı.
Xeberle.com xəbər verir ki, unikal.org olaraq ilk xəbəri yayaraq, yoxlamaların aparıldığını və ciddi maxinasiyaların aşkarlandığını xəbər vermişdik. Lakin sonradan Vergilər Nazirliyi və SOCAR birgə açıqlama yayaraq yoxlamanın aparıldığını təsdiqləsə də, detalları barədə məlumat verilməmişdi.

Unikal.org SOCAR-da aparılan yoxlamanın təfərrüatı ilə bağlı məlumat əldə edib. Aparılan araşdırma zamanı Azərbaycandan kənarda qurulan neft müəssisələri, podratçı şirkətlər və xaricə neft və neft məhsularının satışı prosesində ciddi qanun pozuntularının, maliyyə maxinasiyalarının, vergidən yayınmaların üzə çıxdığı bildirilir. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, SOCAR-ın əsasən xarici ölkələrdəki fəaliyyəti və beynəlxalq transfer prosedurlarında ciddi nöqsanlar olub, söhbət yüz milyonlarla manat vəsaitin göyə sovrulmasında gedir. Qanun pozuntuları ilə bağlı vergidən yayınma və maliyyə mənimsəmələri, dövlət vəsaitinin talanması və sair maddələrlə cinayət işi açıldığı da bildirilir. Hətta SOCAR-ın prezidenti Rövnəq Abdullayin kassası sayılan, əsas fiqurlardan biri ARDNŞ təşkilatlarında olduğu kimi, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Əhmədzadə Ədnan Azər oğlunun saxlanıldığı və sonra da buraxıldığı qeyd olunur.


Yeri gəlmişkən qeyd edək ki, Ədnan Əhmədzadə SOCAR-ın beynəlxalq müstəvidəki fəaliyyətinin əsas icraçısı olan şəxslərdəndir. Onun SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin başına gətirilməsi də tasadüfi deyil. Belə ki, ölkədən kənar bütün proseslərə nəzarət imkanı aşağı olduğundan o istiqamətdəki fəaliyyət zamanı mənimsəmələrə yol vermək daha asan olur. Bu baxımdan da, R.Abdullayev ən etibarlı adamını bu quruma rəhbər təyin edərək milyonlarla vəsaitin öz maraqlarına uyğun idarə olunmasına şərait yaradıb.

Ə.Əhmədzadənin bu prosesdə əsas müttəfiqi isə Azərbaycan neftinin satışı ilə məşğul olan və adı müxtəlif qalmaqallarda hallanan Rövnəq Abdullayevin qohumu Anar Əliyev olub.

Məlumat üçün bildirək ki, bir müddət öncə SOCAR, onun törəmə müəssisəsi olan "SOCAR Trading SA” şirkəti və sonuncu şirkətin təsisçilərindən biri olan Anar Əliyev (ARDNŞ prezidenti Rövnəq Abdullayevin qohumu) Azərbaycan neftinin satışından əldə olunan az qala bütün pulların mənimsənilməsində ittiham olunurdular. Özü də bu faktlar Azərbaycan mediasında deyil, Böyük Britaniyanın "Global Witness” şirkətinin araşdırmasında yer almışdı. Lakin sonra R.Abdullayev müxtəlif vasitələrdən istifadə edərək bu məsələnin qapadılmasına nail olmuşdu.

Müsahibimiz də bu faktı xatırladaraq deyib ki, hazırda SOCAR rəhbərliyi sonuncu yoxlamanın və Ə.Əhmədzadənin həbsi ilə bağlı məlumatın ictimailəşdirilməməsinə cəhd göstərir.